Rusiya azərbaycanlıları birgə bəyanat qəbul ediblər

Rusiya azərbaycanlıları birgə bəyanat qəbul ediblər
# 06 iyul 2017 16:20 (UTC +04:00)

Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT- in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

Bəyanatda deyilir: ”Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir. Bəyanat müəllifləri dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün nəhayət ki, biganəlikdən əl çəkməyə, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmağa çağırır. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır”.

Ümumrusiya Azərbaycan Konqresi, “AzerRos” azərbaycanlıların milli-mədəni muxtariyyəti və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Alxanlı hadisələri ilə əlaqədar Rusya, Ukrayna, Moldova və Ukraynanın kütləvi informasiya vasitələrində Alxanlı hadisəsi ilə bağlı çıxışlar etməyi də planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR