Əflatun Amaşov: “Hərbi sahədən yazan jurnalistlərin Müdafiə Nazirliyinin rəhbərliyi ilə təmaslarının olması mütləqdir”

Əflatun Amaşov: “Hərbi sahədən yazan jurnalistlərin Müdafiə Nazirliyinin rəhbərliyi ilə təmaslarının olması mütləqdir”
# 29 iyul 2015 14:34 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Hərbidən yazan jurnalistlərin Müdafiə Nazirliyinin rəhbər şəxsləri ilə təmaslarının olması mütləqdir. Bu işin formatı üzərində düşünmək mümkündür”.

Bunu APA-ya Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, mövcud istiqamətdə davamlı olaraq, treninqlərin təşkili faydalı olardı: “Proses həm jurnalistikanın ixtisaslaşmasına dəstək əhəmiyyəti daşıyardı, həm də hərbi sahədə yazmaq işinin özü bir növ, təmərküzləşərdi. Hamının hərbidən, cəbhə xəttində baş verənlərdən yazması doğru olmaz. Mətbuat Şurası Müdafiə Nazirliyi ilə bununla bağlı müəyyən danışıqlar da aparmaqdadır. Birgə fəaliyyətimizin nəticəsi olaraq bir sıra tədbirlər də həyata keçirmişik. Eyni zamanda Müdafiə Nazirliyi Şuranın da tövsiyələrini nəzərə alaraq, jurnalistlərin cəbhə bölgəsindəki fəaliyyətini tənzimləyən akkreditasiya qaydaları hazırlayıb”.

Şura sədri əlavə edib ki, qurumun təşkilatçılığı ilə KİV təmsilçilərinin müxtəlif dövlət orqanlarının rəhbər şəxsləri ilə keçirilən görüşləri artıq ənənə halını alıb: “Məlum olduğu kimi, belə bir görüş Müdafiə Nazirliyinin rəhbərliyi ilə də olub. Ötən il nazir müavini Kərim Vəliyev kütləvi informasiya vasitələrinin redaktorlarını qəbul edib. Media rəhbərləri ilə görüş sırf strateji əhəmiyyətli məsələlər barədə idi. Çünki kütləvi informasiya vasitələrinin fəaliyyət strategiyasını hazırlayan və həyata keçirən də media rəhbərləridir”.

Ə. Amaşov qeyd edib ki, atəşkəs rejiminin kütləvi pozulması halları artdığından mövcud sahəyə daha çox diqqət yetirmək zərurəti yaranıb: “Çünki atəşkəs rejiminin son dəfə pozulmasının mediada və sosial şəbəkələrdə doğurduğu effekt onu göstərdi ki, bu sahədən diqqəti əsirgəmək olmaz. Buna görə də qarşıdakı müddətdə daha məqsədyönlü işlərin görülməsinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR