Londonun yəhudi icması partlayışın səbəbinə aydınlıq gətirib

Londonun yəhudi icması partlayışın səbəbinə aydınlıq gətirib
# 03 may 2018 12:09 (UTC +04:00)

“Partlayışın səbəbi mediada yazıldığı kimi, smartfonun tonqala atılması olmayıb. Hadisəni belə qələmə vermək axmaqlıqdır”.

APA-nın London müxbirinin xəbərinə görə, bu sözləri London yəhudi icmasının fəallarından Rabbi Sgaproi deyib. O bildirib ki, mayın 2-də Stamford Hill ərazisində baş verən partlayış tonqala atılan neftin böyük ehtimalla birdən birə güclü alışması səbəbindən baş verib: “Biz medianın hadisəni belə təqdim etməsindən narahatıq. Laq Baomer bizim gözəl milli bayramımızdır. Dünən də çox gözəl keçdi. Bizim yadımızda elə qalıb. Çox xırda yaralanmalar baş versə də, hər şey ümumilikdə yaxşı keçdi. Ancaq onu əminliklə deyə bilərəm ki, heç kəs tonqala telefon atmayıb”.

Daha sonra Rabbi Sgaproi öz telefonundan tonqalın şəkillərini göstərib.

Qeyd edək ki, mayın 2-də gecə saatlarında qeyd edilən yəhudilərin milli bayramı çərçivəsində ənənəyə uyğun olaraq yandırılan tonqalda partlayış baş verməsi insanların xəsarət almasına səbəb olub. Britaniya mətbuatının verdiyi məlumata görə, hadisə smartfonun tonqala atılması səbəbindən baş verib. Ümumilikdə 30 nəfər yaralanıb. Hazırda hadisənin baş verdiyi Riversdale küçəsində təmizlik işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR