Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilir

Bakıda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilir
# 12 oktyabr 2016 08:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakıda MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası başlayıb.

APA-nın məlumatına görə, iclasda MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev, Tacikistan əmək, miqrasiya və əhalinin məşğulluğu naziri Sumanqul Said Taqoyzoda, Belarus daxili işlər nazirinin müavini Nikolay Melçenko, Türkmənistan Dövlət Miqrasiya Xidməti rəisinin müavini Mered Meredov, Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Əmək, Sosial Müdafiə və Miqrasiya Komitəsi sədrinin müavini Aslan Karjaubayev, Qırğızıstan Miqrasiya üzrə Dövlət Xidmətinin Hüquqi təminat və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Çingiz Sarıbeyovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edirlər.

Gündəliyə 18 məsələ daxildir. Bura MDB ölkələrində miqrasiyanın vəziyyətinə dair məsələlər, MDB ölkələri vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bazasının yaradılması məsələsi ilə bağlı işçi qrupun iclasının nəticələri, vətəndaşsızlıq hallarının azaldılmasında Azərbaycanın təcrübəsi, MDB ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması, MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında 2017-ci ildə sədrlik barədə müzakirələr daxildir.

Tədbirin açılışında çıxış edən Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının təbrik məktubunu oxuyub. Dövlət başçısı ümid etdiyini bildirib ki, bu iclas qanunsuz miqrasiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə yardımçı olacaq.

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev deyib ki, bu gün dünyada miqrasiya sahəsində gərgin durum yaranıb: “MDB məkanında miqrasiya sahəsində proseslərin tənzimlənməsində MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurası mühüm rol oynayır. İclasın işinə uğurlar arzulayıram”.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev çıxışında ölkədə miqrasiya, vətəndaşlığı olmayan şəxslərlə bağlı problemlərin həlli istiqamətində görülən işlərdən danışıb: “Azərbaycanda miqrantlara münasibətdə milli, dini zəmində hüquqların pozulması hallarında rast gəlinməyib. Ölkəmizdə yüksək tolerantlıq hökm sürür. Azərbaycanda miqrasiya axınına nəzarət edilir. Dövlət Miqrasiya Xidməti beynəlxalq və ikitərəfli əməkdaşlığa böyük önəm verir. Ümid edirəm ki, MDB dövlətləri Miqrasiya Orqanları Rəhbərləri Şurası miqrasiya proseslərinin tənzimlənməsində daha effektiv fəaliyyət göstərəcək”.

MDB Parlamentlərarası Assambleyasının daimi komissiyasının sədri, millət vəkili Arif Rəhimzadə Şuranın miqrasiya sahəsində böyük təcrübəyə malik olduğunu söyləyib: “Miqrasiya proseslərinin tənzimlənməsi dövlətlərarası və beynəlxalq münasibətlərdə böyük rol oynayır. Azərbaycan MDB-də ilk dəfə Miqrasiya Məcəlləsi qəbul edib. MDB-nin qaçqınlarla bağlı model qanunu həyata keçirilmir. MDB dövlətlərinin bu sahədə effektiv fəaliyyətinə nail olmaq üçün əlavə sənədlərin qəbul edilməsinə ehtiyac var”.

İclas daha sonra mətbuat üçün qapalı davam etdirilib.

Qeyd edək ki, MDB Miqrasiya Orqanları Rəhbərlərinin Şurası MDB Dövlət Başçıları Şurasının 5 oktyabr 2007-ci il tarixli qərarı əsasında yaradılıb. Şuranın tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və Rusiyanın miqrasiya məsələlərinə məsul orqanlarının rəhbərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR