Ukrayna bayrağının yandırılması ilə əlaqədar Polşaya nota verəcək

Ukrayna bayrağının yandırılması ilə əlaqədar Polşaya nota verəcək
# 12 noyabr 2016 01:13 (UTC +04:00)

Rəsmi Kiyev Varşavada Ukrayna bayrağının yandırılması ilə əlaqədar Polşaya nota verəcək.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Polşadakı müvəqqəti işlər vəkili Vasiliy Zvariç bəyan edib.

“Əlbəttə ki, bu cür biabırçı hərəkətləri görmək çox acınacaqlıdır. Düşünürəm ki, ukraynalılara qarşı dostcasına yanaşan sadə polşalılar da bu fikirdədir. Müstəqil dövlətin, dost və strateji tərəfdaş bir ölkənin milli rəmzinin təhqir olunması yolverilməzdir. Biz rəsmi Varşavanın bu biabırçı vandalizm aktına münasibətini gözləyirik və ümid edirik ki, günahkarlar layiqli cəzalarını alacaqlar”, deyə V.Zvariç bildirib.

Qeyd edək ki, noyabrın 11-də Varşavada Polşanın Müstəqillik günü münasibətilə keçirilən yürüşdə yerli millətçilər Ukraynanın bayrağını yandırıb.

Xatırladaq ki, 2016-cı ilin iyununda Polşa parlamentinin aşağı palatası 1943-1944-cü illərdə Volın vilayətində “Ukrayna Millətçiləri Təşkilatı” və “Ukrayna Üsyançı Ordusu” təşkilatlarının polşalılara qarşı törətdikləri cinayətləri soyqırımı adlandırıb. Ukrayna Ali Radası, öz növbəsində, Polşa Seyminin qərarını pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR