Karbamid zavodu 2018-ci ilin əvvəllərində istismara veriləcək

Karbamid zavodu 2018-ci ilin əvvəllərində istismara veriləcək
# 01 dekabr 2016 15:50 (UTC +04:00)

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Samsung Engineering Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Çonq Heum Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə SOCAR-ın Karbamid zavodu layihəsinin gedişatı ilə bağlı müzakirələr aparılıb, tərəfləri maraqlandıran məsələlər, o cümlədən layihənin maliyyələşdirilməsi məsələlərinə toxunulub.

R.Abdullayev bildirib ki, SOCAR-ın Karbamid zavodunun tikintisi layihəsi Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Görüşdə qeyd olunub ki, zavodun layihələndirmə işləri 100%, tikinti işləri təxminən 58% olmaqla, ümumilikdə 88%-i tamamlanıb.

SOCAR-ın prezidenti layihənin uzunmüddətli maliyyələşdirilməsi məqsədilə, Koreyanın İxrac-İdxal Bankı və bir sıra beynəlxalq kommersiya bankları ilə 500 mln. avro məbləğində vəsaitin cəlb edilməsi istiqamətində danışıqların uğurla davam etdiyi və yaxın müddətdə yekunlaşdırılacağı barədə məlumat verib.

Ç.H.Park Karbamid zavodunun tikintisinin qrafikə uyğun olaraq 2017-ci ilin sonunda başa çatdırılacağını və nəzərdə tutulduğu kimi 2018-ci ilin əvvəllərində zavodun istismara veriləcəyinə əmin olduğunu bildirib.

Sonda R.Abdullayev “Samsung Engineering” şirkəti ilə əməkdaşlıqdan razı qaldığını və məmnunluq duyduğunu ifadə edib. Ç.H.Park da gələcək layihələrdə şirkətlər arasında əməkdaşlığın davam etməsinə hazır olduqlarını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR