Yardımlının iki kəndində içməli su təchizatı yaxşılaşdırılıb

Yardımlının iki kəndində içməli su təchizatı yaxşılaşdırılıb
# 14 noyabr 2016 13:57 (UTC +04:00)

“Azərsu” ASC Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi ucqar dağ kəndlərinin su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Səhmdar Cəmiyyətin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşıb.

Millət vəkili Musa Qasımlı mürəkkəb relyef şəraitində yerləşən kəndlərin içməli su probleminin həll edilməsini mühüm hadisə adlandıraraq belə layihələrin sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olduğunu vurğulayıb.

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən layihələr barədə məlumat verib və bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Yardımlı rayonunun Yolocaq və Horoni kəndlərini içməli su ilə təmin etmək üçün 3,6 km magistral su xətti çəkilib, 50 kubmetr tutumu olan su anbarı quraşdırılıb, hər bir ev təsərrüfatına birləşmə verilib. Layihənin icrası nəticəsində bu kəndlərdə 1500-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb”.

Tədbirdə çıxış edən kənd sakinləri bildirmişlər ki, indiyədək içməli suyu böyük çətinliklərlə uzaq məsafədən, hətta qonşu kəndlərdən müxtəlif vasitələrlə daşıyırdılar. Yeni layihənin icrası nəticəsində bu problem həll edilib.

Ümumilikdə layihə çərçivəsində Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolocaq, Horoni, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Sineyir mənbəyi seçilib. Su mənbəyində sugötürücü qurğu inşa edilmiş, buradan yaşayış məntəqələrinə qədər 30,6 km uzunluğunda magistral kəmər çəkilib, su anbarları tikilib. 2015-ci ildə Vərgədüz, Osnakəran, Bürzünbül, Bilnə, 2016-cı ildə Vərov, Yolocaq və Horoni kəndlərinə suyun verilməsi təmin edilib, ümumilikdə 8000-dən çox sakinin içməli su təchizatı yaxşılaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR