İxracatçılar Klubunun üzvləri Azərbaycanın ticarət nümayəndələri ilə görüşüb

İxracatçılar Klubunun üzvləri Azərbaycanın ticarət nümayəndələri ilə görüşüb
# 07 iyul 2017 16:19 (UTC +04:00)

Bu gün Bakıda Azpromo-nun təşkilatçılığı ilə İxracatçılar Klubunun üzvləri Azərbaycanın Rusiyada, Çində və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndələri, ölkəmizin Belarusdakı Ticarət Evinin rəhbəri ilə görüşüblər.

APA-Economics”in məlumatına görə, görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı, ixracatçılara yaradılmış əlverişli şərait, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, görülən tədbirlər nəticəsində bu ilin ilk 5 ayında qeyri-neft ixracı 22% artıb. Bu il ərzində “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana 8 ixrac missiyası təşkil olunub, yerli məhsullarımız vahid ölkə stendləri ilə beynəlxalq sərgilərdə nümayiş olunub. Bu ilin sonuna kimi Azərbaycan ixracatçılarının daha bir neçə beynəlxalq sərgidə iştirakı nəzərdə tutulur.

Tədbirdə bildirilib ki, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə Azərbaycanın artıq 3 ölkədə - Rusiyada, Çində və Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndələri təyin olunub. Bu ilin mayında Belarusda Azərbaycan Ticarət Evi yaradılıb. İxracın genişləndirilməsi məqsədi ilə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın logistika mərkəzi fəaliyyət göstərir. Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan yerli məhsullar üçün ixrac təşviqi ödənilir. Bu ilin ötən 6 ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda ixracatçılar üçün yaradılmış əlverişli dəstək mexanizmlərindən danışaraq, İxracatçılar Klubunun keçirdiyi görüşlərin və seminarların qeyri-neft ixracının genişləndirilməsindəki əhəmiyyətini qeyd edib, ixracatçılarımızı AZPROMO-nun və Beynəlxalq Ticarət Mərkəzinin “Şərq Tərəfdaşlığı: Ticarət hazır ol” layihəsində iştirak etməyə dəvət edib.

Tədbirdə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev, Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu və Birləşmiş Ərəb Əmirliklərindəki ticarət nümayəndəsi Elnur Əliyev təmsil etdikləri ölkələrin bazarları barədə məlumat verərək, Azərbaycan məhsullarının bu bazarlara çıxarılması və satışının təşkili istiqamətində görülən işləri diqqətə çatdırıblar. Ticarət nümayəndələri iqtisadi maraqlarımızın qorunması, bu ölkələrdən Azərbaycana investorların cəlb edilməsi üçün tədbirlərin görüldüyünü vurğulayıblar.

Belarusdakı Azərbaycan Ticarət Evinin rəhbəri Vasif İsmayılov ticarət evinin Azərbaycan və Belarus arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsindəki rolunu qeyd edib, ticarət evində daimi fəaliyyət göstərən sərgidə 25 Azərbaycan şirkətinin istehsal etdiyi müxtəlif növ məhsulların nümayiş olunduğunu diqqətə çatdırıb və sahibkarları fəal əməkdaşlığa dəvət edib.

Görüşdə İxracatçılar Klubunun üzvləri ilə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR