Bank Of Baku

Bir sıra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub

Komitə iclası

© APA | Komitə iclası

# 16 dekabr 2021 14:53 (UTC +04:00)

Dekabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitə sədri Musa Quliyev iclası açaraq gündəliyə beş məsələnin daxil edildiyini bildirib və məsələlər barədə məlumat verib.

M.Quliyev diqqətə çatdırıb ki, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə daxil olub. Hər iki qanun layihəsi sosial müdafiəni gücləndirən xarakter daşıyır. Qanunlara edilən dəyişikliklər məşğulluğun əlçatanlığının təmin edilməsini, eyni zamanda hansısa səbəbdən işçinin öz iş yerini itirməsi ilə bağlı sığorta hadisəsi baş verərsə, sığorta ödənişlərinin şərtlərinin yumşaldılmasını nəzərdə tutur və ölkə vətəndaşlarının sosial vəziyyətini yaxşılaşdıran addımlardır.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edən komitə sədri bildirib ki, sənəd əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsinə, işəgötürənlərin cərimə ödəmək əvəzinə işçilərin hüquqlarını bərpa etməyə marağının yaranmasına yönəlib.

O vurğulayıb ki, “Turizm haqqında” qanun layihəsinin birinci oxunuşda həm komitələrin birgə iclasında, həm də plenar iclasda geniş müzakirələri zamanı deputatlar sənədi dəstəkləyərək, onun turizmin inkişafına xidmət edəcəyini deyiblər. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə əlaqədar qeyd olunub ki, təklif edilən dəyişiklik “Turizm haqqında” qanunun pozulmasından irəli gələn məsələləri həll edən inzibati hüququn yaranmasını özündə ehtiva edir.

Deputatlar Əziz Ələkbərov, Rauf Əliyev, İlham Məmmədov, Jalə Əliyeva, Arzu Nağıyev, Sevinc Hüseynova qanun layihələrinə münasibət bildirərək, bir sıra qeyd və təkliflərini söyləyiblər.

Komitə sədri Musa Quliyev millət vəkillərinin layihələrə dair səsləndirdikləri bəzi məqamlara aydınlıq gətirib.

İclasın sonunda gündəliyə daxil edilən hər beş qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR