Nazir: "Əlillərin sosial müdafiəsi daha da güclənəcək"

Nazir: "Əlillərin sosial müdafiəsi daha da güclənəcək"
# 01 dekabr 2016 09:47 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, konsertin tamaşaçıları arasında dövlət və qeyri-dövlət qurumlarından məsul şəxslər, millət vəkilləri, görkəmli incəsənət xadimləri də olub.

Tədbirin açılışı zamanı nazir Səlim Müslümov əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması və cəmiyyətə inteqrasiyasının ölkədə həyata keçirilən sosial siyasət kursunun əsas istiqamətlərindən olduğunu vurğulayıb: “Ölkədə sosial təminat sistemi ilə əhatə olunan əhali kontingentinin mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Yəni Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 71%-i, əmək pensiyası alanların 29%-i əlilliyi olan şəxslərdən ibarətdir. Həmçinin aylıq sosial müavinət ödənilən şəxslərin 61%-i əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Onlar üçün nəzərdə tutulan sosial ödənişlər də mütəmadi olaraq artır. Belə ki, pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, cari ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7% artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən Prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb”.

Nazir bildirib ki, əlilliyi olan şəxslərin bir hissəsi də müharibə əlilləridir. Bu vaxta qədər nazirlik tərəfindən 5 500 nəfərə yaxın şəxs mənzillə təmin edilib ki, onlardan 4,1 min nəfəri müharibə əlilləri, habelə gözdən əlillər olub. Eləcə də ötən dövrdə nazirliyin xətti ilə 5,9 min nəfərə qədər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təminatı həyata keçirilib: “Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiya tədbirləri ilə əhatə olunmasına da xüsusi diqqət yetirilir. Nazirliyin 15 bərpa müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələr tərəfindən təkcə bu ilin 10 ayında 19,4 min nəfərdən çox əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlər göstərilib. 2015-ci ildə və cari ilin ötən dövründə 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq isə nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib”.

S.Müslümov diqqətə çatdırıb ki, inkluziv əmək bazarının inkişaf etdirilməsi, o cümlədən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının asanlaşdırılması yönündə də müvafiq işlər aparılır: “Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin 1 noyabr tarixinədək həmin 1000 nəfərə qədər sağlamlıq imkanları məhdud gənc peşə hazırlığı kurslarına qəbul edilib”. Nazir hazırda stasionar və səyyar formada sosial xidmətlərlə təmin edilənlərin mühüm bir hissəsinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olduğunu qeyd edib.

S.Müslümov əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası yönündə həyata keçirilən tədbirlər sırasında onların yaradıcılıq imkanlarının təbliği və dəstəklənməsi məqsədilə keçirilən ümumrespublika səviyyəli tədbirlərin də mühüm yer tutduğunu bildirib. 3 Dekabr - Beynəlxalq Əlillər günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq şəraitində Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsinin keçirilməsi ilk növbədə əlilliyi olan şəxslərin cəmiyyətə fəal şəkildə inteqrasiyasına xidmət edir: “Yeni başa çatmış bu baxış-müsabiqədə ilk mərhələdə ölkənin bütün bölgələri üzrə 500 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bədii yaradıcılığın müxtəlif növləri üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onlardan yekun mərhələdə iştirak edən 136 nəfərdən (o cümlədən 33 nəfər sağlamlıq imkanları məhdud uşaq) ilk yerlərə layiq görülənlərə diplom və mükafatlar, həmçinin digərlərinə həvəsləndirici təşəkkürnamə və mükafatlar verilib”.

S.Müslümov bu tədbirin nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil edildiyini diqqətə çatdırıb: “Ümumilikdə, hər il üçün nazirlik tərəfindən belə proqramlar təsdiqlənərək icra olunur. Həmin proqramlar çərçivəsində əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması, respublika daxilində müalicə olunmalarına köməklik göstərilməsi, asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi, onlar arasında idman tədbirlərinin keçirilməsi, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması və s. istiqamətlərdə tədbirlər həyata keçirilir”.

Nazir bildirib ki, bu gün ölkədə əlilliyi olan şəxslərlə bağlı aparılan işlər BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklərin icrası sahəsində Azərbaycanda fəal və məqsədyönlü siyasətin həyata keçirildiyini deməyə əsas verir: “Təsadüfi deyil ki, həmin konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin təqdim etdiyi hesabat, habelə ölkədə əlilliyi olan şəxslərə dair qanunvericiliyin həmin Konvensiyanın prinsipləri əsasında təkmilləşdirilməsi istiqamətində aparılan işlər BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib”. S.Müslümov ölkədə ildən-ilə güclənən sosial siyasət kursunun əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə tədbirlərin qarşıdakı dövrdə uğurla davam etdirilməsinə imkan yaradacağını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR