Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib

Cahangir Hacıyevin məhkəməsində təqsirləndirilən şəxslər ifadə verib
# 25 fevral 2019 14:42 (UTC +04:00)

Bu gün Bakı Ağır Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs qismində Ramis Kərimov ifadə verib. O, 2005-ci ildən digər təqsirləndirilən Dünyamin Xəlilovun "General Construction" şirkətində mühafizəçi işlədiyini deyib. Onun sözlərinə görə, bir müddətdən sonra D. Xəlilov onu "Betaline" şitkətinə direktor təyin edib. R. Kərimov işlədiyi dövrdə bir neçə kredit müqaviləsinə imza atdığını etiraf edib: "Direktor işlədiyim dövrdə aylıq 550 manat məvacib alırdım. Dünyamin müəllimin işçisi sənədləri gətirirdi, mən də baxmamış qol çəkirdim. Bir neçə dəfə də Beynəlxalq Bankın Mərkəzi filialına gedib, sənədlərə qol çəkmişəm. Bunun cinayət olduğunu istintaq dövründə bilmişəm".

Təqsirləndirilən şəxs bankdan hansı məbləğdə kredit götürdüyünü xatırlamadığını deyib. Lakin məlum olub ki, R.Kərimov Beynəlxalq Bankdan ümumilikdə 39 milyon 180 min manat kredit götürüb. Sonra digər təqsirləndirilən Şüşə zavodunun direktoru Fariz Muradov ifadə verərək, əvvəllər Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışdığını deyib. F. Muradov ona qarşı verilmiş 1 milyon 193 min manatlıq ittihamı qəbul etmədiyini söyləyib.

Təqsirləndirilən Svetlana Əsədullayeva isə adına götürülmüş 5 milyon 308 min manatdan xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, "General Construction" şirkətində onun köməkçi işlədiyi dövrdə sənədlərə xəbəri olmadan imza atıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR