Azərbaycanda “yaşıl market”lərin tikintisinə 10 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda “yaşıl market”lərin tikintisinə 10 milyon manata yaxın güzəştli kredit verilib
# 30 iyul 2015 13:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunun Qaraqaya kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İsmayıllı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, intensiv bağçılıq, arıçılıq təsərrüfatlarının, meyvəqurutma, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, cari ilin ötən dövrü ərzində 3 400-ə yaxın sahibkara 119,5 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 7 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 57,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5 500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan 59 sahibkara 1 mln. 66 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, taxılçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, arıçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İsmayıllı rayonunda güzəştli kredit ayrılmış ixtisaslaşdırılmış “yaşıl market”də aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. 2,25 ha ərazidə yerləşən ixtisaslaşdırılmış “yaşıl market” meyvə, tərəvəz, ət və süd məhsullarının saxlanması üçün tutumu 1000 ton olan soyuducu anbar, pərakəndə və topdansatış üçün ticarət zonaları, 150 fermer mağazası və avtodayanacaqdan ibarət olacaq. Ümumilikdə, indiyədək 2 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisinə 9,8 mln. manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR