İlhamə Quliyevanın köməkçisinin məhkəməsində "Lider" TV-nin direktor müavini ifadə verib

İlhamə Quliyevanın köməkçisinin məhkəməsində "Lider" TV-nin direktor müavini ifadə verib
# 08 noyabr 2016 14:27 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində "Lider" televiziyasının direktor müavini Lamiyə Babayeva ifadə verib. O bildirib ki, M. Hüseynovanı jurnalist fəaliyyəti ilə bağlı tanıyıb: "İlhamə Quliyeva və Mehriban Hüseynova bizim televiziyaya tez-tez verilişlərə gəlirdilər. Mehriban Hüseynova ilə İlhamə Quliyevanın münasibətləri həmişə yaxşı olub. Mehriban həmişə ona yaxşı qulluq edirdi. Sonra Orxanın dostu Vüqar adlı şəxs araya girdi. Eşitdiyimə görə, o gələndən sonra Mehribanla İlhamə Quliyevanın münasibətlərində problemlər başladı".

Şahid qeyd edib ki, M. Hüseynovanın İlhamə Quliyevanın əmlakına yiyələnmək istəməsi barədə heç bir məlumatı yoxdur. O, M. Hüseynovanın günahsız olduğunu deyib: "İlhamə Quliyeva mənə zəng edib bəzən şikayət edirdi. Deyirdi ki, mənə cadu ediblər".

Məhkəmə prosesi noyabrın 15-də davam etdiriləcək.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR