Maykl Onil: “Azərbaycan yığması çalışacaq ki, ili qrupda ikinci yerdə bitirsin”

Maykl Onil: “Azərbaycan yığması çalışacaq ki, ili qrupda ikinci yerdə bitirsin”
# 02 noyabr 2016 13:32 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan son illər futbola güclü investisiya qoyub. Bundan əlavə, Bakı AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biridi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

Britaniya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünü gələn həftə Azərbaycan millisinə qarşı keçirəcək.

“Belfast Telegraph” nəşrinə müsahibə verən Onil yığmamızla baş tutacaq görüşlə bağlı danışıb. O, Azərbaycan millisinin cari seçmə mərhələdəki uğurlu çıxışını təəccüblə qarşılamadığını bildirib: “Azərbaycan klublarının da nəticələri yaxşılaşıb. Hazırda bu ölkənin 2 komandası Avropa Liqasının qrup mərhələsində mübarizə aparır. Odu ki, Azərbaycan yığmasının uğurlu çıxışına təəccüblənmədim. DÇ-2014-ün seçmə mərhələsində də onlarla qarşılaşmışdıq. Onda Azərbaycanın baş məşqçisi Berti Foqts idi, indi isə bu komandanı Robert Prosineçki çalışdırır. Hazırda Azərbaycan millisi daha ambisiyalıdı. İstəyirlər ki, bir qədər də irəli gedib, daha yaxşı nəticəyə imza atsınlar”.

Onil bildirib ki, qeydə alınan son nəticələrdən sonra Azərbaycan yığmasının özünəinamı artıb: “Düşünürdük ki, qrup ikinciliyi uğrunda mübarizədə əsas rəqiblərimiz Çexiya və Norveç olacaq. Amma onların hər ikisi Azərbaycanla matçda istədiyi nəticəyə imza ata bilmədi, xal itkisi ilə üzləşdi. Həmin görüşləri izləmişik. Ümumiyyətlə, Azərbaycanın həm öz evində, həm də səfərdə keçirdiyi oyunlara baxıb, təhlillər aparmışıq. Onlar daha çox müdafiəyə və əks-hücumlara önəm verirlər. Təsadüfi deyil ki, rəqibimiz seçmə mərhələdəki ilk 3 görüşdə çox yaxşı müdafiə olunaraq, qapısından top buraxmayıb. Rəqibin özünəinamı artıb”.

Bununla belə, Şimali İrlandiya yığmasının çalışdırıcısı meydana qələbə üçün çıxacaqlarını vurğulayıb: “Asan qrupda çıxış etmirik. Bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik. Oyunun sərt keçəcəyini və çox güclü təzyiq olacağını düşünürəm. Azərbaycan yığması sona qədər döyüşəcək və çalışacaq ki, bu ili qrupda ikinci yerdə bitirsin. Qısası, problemlə üzləşə biləcəyimizi, bizi çətin oyun gözlədiyini anlayırıq.

Tələskən davranmamalı, səbrli olmalıyıq. Azərbaycana qalib gəlmək üçün bütün gücümüzü meydanda qoymalıyıq. Qələbə bizim üçün vacibdi. Çünki qazanılacaq 3 xal qrupdakı mövqeyimizi yaxşılaşdırmağa imkan verəcək. Amma Azərbaycanla oyun bizim üçün həlledici deyil. Bununla belə, uğursuz nəticə komandamıza problem yarada bilər”.

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-də, Belfast şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR