Bakıda amerikalı astronavtla görüş keçirilib

Bakıda amerikalı astronavtla görüş keçirilib
# 11 dekabr 2017 12:07 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Ensiklopediya Mərkəzində ABŞ Hərbi Qüvvələrinin 1-ci dərəcəli kapitanı, astronavt Haydi Payperlə görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə iki ölkə arasında elm sahəsində mövcud olan əməkdaşlıq haqqında danışıb. A. Əlizadə qeyd edib ki, Azərbaycana kosmonavtların gəlməsi simvolik əhəmiyyət kəsb edir: “Azərbaycan dövləti kosmik tədqiqatların aparılmasına böyük əhəmiyyət verir. Bu istiqamətdə gənc alimlərin hazırlanması bizim üçün çox əhəmiyyətlidir. “Azərkosmos”un yaradılması böyük bir hadisədir. Milli Elmlər Akademiyası ilə “Azərkosmos” arasında sıx əməkdaşlıq var. Amerikadan gələn kosmonavtların öz təcrübələrini gənc alimlərlə bölüşməsi bizim üçün böyük əhəmiyyət daşıyır”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Haydi Smit Azərbaycan Milli Elmlər Akademiyası ilə səfirlik arasındakı əməkdaşlıqdan danışıb. Səfirlik rəsmisi qeyd edib ki, iki qurum arasında növbəti illərdə də birgə tədbirlər davam edəcək. H. Smit kosmonavt Haydi Payperin bir çox nailiyyətlərə imza atdığını da vurğulayıb: “O, gənclərə nümunə ola biləcək şəxsdir və uzun illər Hərbi Dəniz Qüvvələrində xidmət edib. Haydi Payperi Azərbaycanda görmək bizim üçün çox xoşdur. Onun Azərbaycanda olmağı iki ölkə arasındakı əməkdaşlığın bariz nümunəsidir”.

Akademik Nazim Məmmədov Haydi Payperin kosmonavtika sahəsində qazandığı uğurlara nəzər salıb, onun açıq kosmosda 33 saat 42 dəqiqə vaxt keçirdiyini diqqətə çatdırıb.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rəşad Nəbiyev isə amerikalı elm adamlarının və kosmonavtların təcrübələrini azərbaycanlı alimlərlə bölüşməsinin vacibliyinə diqqət çəkib: “XXI əsr kosmos əsridir. Hansı dövlətlər kosmosun imkanların daha geniş istifadə edir, onlar daha böyük nailiyyətlərə imza ata bilirlər. Azərbaycanda 70-ci illərdə kosmik cihazların hazırlanmasının əsası qoyulub. Bu onu göstərir ki, kosmik sənayenin əsasları 70-ci illərdə qoyulub. Müstəqillik illərində kosmos sahəsində də əldə etdiyimiz nailiyyətlər hər birimizin milli sərvətinə çevrilməkdədir”.

Kosmonavt Haydi Payper Azərbaycanda olmaqdan, elm xadimləri ilə görüşməkdən məmnun olduğunu diqqətə çatdırıb. O, kosmosda qazandığı təcrübəni, üzləşdiyi çətinlikləri iştirakçılarla bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR