Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunub

Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunub
# 02 mart 2017 09:20 (UTC +04:00)

Ötən gün Vaşinqtonda Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş ziyafət keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ziyafətdə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndələri, o cümlədən Ağ Ev, Dövlət Departamenti, Müdafiə Departamenti, Kommersiya Departamenti, Enerji Departamenti, Kənd Təsərrüfatı Departamenti, ABŞ Ticarət Palatasının rəsmiləri, Konqres üzvləri, Vaşinqtonda akkreditə olunmuş səfirlər, sabiq dövlət xadimləri, biznes dairələri, düşüncə mərkəzləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi, Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, Dövlət Əmlak Komitəsi, özəl şirkətlərin nümayəndələri qatılıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iki ölkə arasında aparılan uğurlu əməkdaşlığa toxunaraq Azərbaycanın ABŞ-la münasibətlərinə xüsusi əhəmiyyət verdiyini qeyd edib. Səfir həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi qarşılıqlı maraq və hörmət əsasında ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazırdır.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink Azərbaycanla ABŞ arasında əməkdaşlığın əhəmiyyətindən danışıb, ABŞ-da 2001-ci il 11 sentyabr terror aktlarından sonra Azərbaycanın ABŞ-a dəstək elan edən ilk dövlətlərdən olduğunu xatırladıb. Hazırda çoxşaxəli əməkdaşlığa toxunan xanım Brink xüsusilə enerji təhlükəsizliyini qeyd edib, dövlət katibi Reks Tillersonun ABŞ-ın Cənub Qaz Dəhlizinin reallaşmasına sadiq qaldığını, bu layihədə Azərbaycanın aparıcı rolunun təqdir edildiyi, bu layihənin Avropaya həqiqi diversifikasiya, əlavə qaz mənbəsi və həcmi gətirdiyini deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan natiq bu münaqişənin tezliklə həllinin vacibliyini qeyd edib, bunun həm Azərbaycan, həm də regiona rifah gətirəcəyini vurğulayıb.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta öz çıxışında ölkəmizlə geniş sahədə əməkdaşlığın, o cümlədən iqtisadi və biznes əlaqələrinin vacibliyini vurğulayıb.

Bundan sonra Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafına töhfə vermiş nümayəndələrin mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırılanlar Konqres üzvləri Stiven Kohen və Bill Şuster, ABŞ Dövlət katibinin enerji məsələləri üzrə sabiq xüsusi elçisi Amos Hokştayn, Nyu Hempşir ştatının keçmiş qubernatoru Con Sununu, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, həmçinin Boeing, BP, Chevron, Paşa Bank və SOCAR şirkətlərinin nümayəndələri olub.

Ziyafətdə iştirak edən qonaqlara Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə hazırlanmış xüsusi poçt markası hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR