Bolqarıstan baş naziri: “Azərbaycan qaz təchizatının ən sərfəli qiymətlərini təklif edir”

Bolqarıstan baş naziri: “Azərbaycan  qaz təchizatının ən sərfəli qiymətlərini təklif edir”
# 15 yanvar 2018 18:11 (UTC +04:00)

“Trapezitsa kompleksi üçün görülən işlərə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Mən ümidvaram ki, Siz bu ilin ikinci yarısında ölkəmizə işgüzar səfər edəcəksiniz və biz Sizin rəhbərliyinizlə böyük nümayəndə heyətini qəbul edə biləcəyik”.

APA-nın məlumatına görə, bunu Bolqarıstan baş naziri Boyko Borisov Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Mən Sizin dediklərinizin Bolqarıstan üçün əhəmiyyətini qeyd etmək istərdim. Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb. Eyni zamanda, biz qeyd edə bilərik ki, son günlər, xüsusən də qış dövründə hava çirklənir, özü də səbəb sənaye istehsalı və avtonəqliyyat deyil, məişətdə odun və kömürün yanacaq kimi istifadə olunmasıdır. Biz istərdik, elə məişət yanacağından istifadə olunsun ki, ətraf mühitə zərər yetirilməsin. SOCAR-ın dəstəyi və Azərbaycan qazının tədarükü sayəsində qonşu Gürcüstan qazlaşdırılıb. Biz çoxdandır ki, Bolqarıstanın qazlaşdırılması üçün iki variantın mövcudluğu barədə danışırıq. Ümid edirik ki, iyun ayında Yunanıstanda interkonnektorun tikintisi başlayacaq və iyulda Türkiyə ilə sərhəddə interkonnektor işə düşəcək. Qeyd etmək istərdim ki, hörmətli prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq”, deyə baş nazir bildirib.

Boyko Borisov deyib ki, hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək: “Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək.”

Baş nazir qeyd edib ki, Bolqarıstandan Azərbaycana əsasən kənd təsərrüfatı, iqtisadiyyat sahələrində məhsulların ixracı həyata keçirilir: “Biz ümid edirik ki, bu imkanları genişləndirə bilərik. Əgər Azərbaycan qazının Bolqarıstana təchizatı baş tutarsa, biz bu əmtəə mübadiləsini tarazlaşdıra bilərik. Bütün bu investisiyaların yatırılması, birbaşa nəqliyyatın mövcudluğu, - nəzərə alsaq ki, biz Bakıya təyyarə ilə üç saata gələ bilərik, - bizə iqtisadiyyatı, turizmi inkişaf etdirməyə rəvac verəcək və Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına gəlmələrinə imkan yaradacaq. Bolqar turistləri sizin qədim diyarınıza böyük maraq göstərirlər. Bu, hər iki ölkə üçün faydalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR