Millət vəkili kommunal xidmətlərə görə vəsaitlərin birbaşa qaçqın və məcburi köçkünlərə verilməsini təklif edib

Millət vəkili kommunal xidmətlərə görə vəsaitlərin birbaşa qaçqın və məcburi köçkünlərə verilməsini təklif edib
# 07 dekabr 2016 11:11 (UTC +04:00)

“Nazirlər Kabinetinin 22 yanvar 2002-ci il tarixli "Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” qərarında düzəlişlər edilməli və ayrılmış güzəştlər yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, birbaşa qaçqın və məcburi köçkünlərə verilməlidir”.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Çingiz Qənizadə bu təkliflə çıxış edib.

Ç. Qənizadə bildirib ki, Hesablama Palatasının rəyinə əsasən qaçqın və məcburi köçkünlərin fərdi qaydada istifadə etdikləri kommunal xərclərə görə ayrılan vəsaitlərdə yeyintilər müşahidə olunur: “Bununla bağlı dəqiq faktlar və rəqəmlər ortaya qoyulub. Ona görə, mən təklif edirəm ki, Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli qərarında düzəlişlər edilməklə, yəni qaçqın və məcburi köçkün ailələrinə güzəştlərin müavinətlə əvəz edilməsi məsələsi dəyişdirilməklə, biz onlara ayrılmış bu güzəştləri yerli icra hakimiyyəti orqanlarının əli ilə deyil, məhz qaçqın və məcburi köçkün ailələrinin özlərinin əli ilə həyata keçirilməsini reallaşdıraq. Yəni bu müavinətlərin ödənilməsinə görə yeyinti və korrupsiya halları varsa və bunu rəsmi dövlət orqanları açıqlayırsa, gəlin bu pulları qaçqın və məcburi köçkün soydaşlarımıza verək ki, onlar qaz, işıq və su pulunu özləri ödəsin. Bununla da, Hesablama Palatasının da qeyd etdiyi kimi, yeyinti hallarının və korrupsiya hallarının qarşısını alaq. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi də bu fikirdədir və onlar da bu məsələni qaldırıb. Maliyyə Nazirliyi bu məsələni nəzarətdə saxlasa, büdcədən müəyyən vəsaitin oğurlanmasının qarşısını almaq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR