Azərbaycan Kinosu Günü münasibətilə təntənəli mərasim keçiriləcək

Azərbaycan Kinosu Günü münasibətilə təntənəli mərasim keçiriləcək
# 15 iyul 2015 11:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İyulun 31-də Nizami Kino Mərkəzində 2 avqust - Azərbaycan Kinosu Günü münasibətilə təntənəli mərasim keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, kino işçilərinin peşə bayramı yeni ekran əsərinin premyerası ilə qeyd olunacaq. Mərasimdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “4.1 Şəhər motivləri” kinoalmanaxı təqdim ediləcək.

Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihə əvvəlcə “Motivlər...” adı ilə lentə alınıb.

“4.1 şəhər motivləri” almanaxına “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “20-ci mərtəbə” (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi ev 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və “Zabitin şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir.

Almanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Azər Quliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR