Bakıda köhnə mənzillər ucuzlaşıb

Bakıda köhnə mənzillər ucuzlaşıb
# 20 avqust 2015 11:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İyul ayında Bakının təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin hesablanmış orta təklif qiyməti 1612 dollar/kv.m-dən 0,43% azalaraq 1605 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1676 manat/kv.m-dən 0,43% azalaraq 1669 manat/kv.m bəndində qərarlaşıb.

APA-Economics”in məlumatına görə, bu barədə paytaxtın mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupu.tərəfindən ötən ay üçün hazırlanmış hesabatında deyilir.


Bu ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq iyul ayında da qeydə alınıb ki, bu da öz növbəsində əmlak bazarında qiymətlərin nisbətən enməsi ilə yanaşı tələbin azalmasına da gətirib çıxardıb. Tələbin azalması ilə yanaşı dünya və daxili bazardakı son dəyişikliklər də Bakının əmlak bazarına təsirsiz ötüşməyib. Neftin qiymətinin ucuzlaşma prosesinin davam etməsi və şimal qonşumuz olan Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq Bakının mənzil bazarına da mənfin təsir göstərib.

Əmlak bazarında sürən passivliyin nəticəsi olaraq təklif olunan mənzillərin sayında da azalma müşahidə edilib. İyul ayında bazarın bu seqmenti üzrə təklif həcmi -12,0% azalıb. İyunda ümumi təkliflərin sayı 1590 olduğu halda, bu rəqəm iyul ayında 1397 təşkil edib. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 35,0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 54,0%-ə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 43,0%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1188 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 39,4%-ni 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1739 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17,6% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2320 dollar/kv.m təşkil edib.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 2, 3 və çoxotaqlı otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 3 otaqlılar üzrə qeydə alınıb. 1 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib.


Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 10,88 %, 15,11 %, 11,16% və 42,64%.


Ötən ayda layihələr üzrə qiymət azalması daha çox italyan və eksperimental layihələrində qeydə alınıb, müvafiq olaraq 5,12% və 4,18%. Layihələr üzrə qiymət artımı isə daha çox alman, fransız və leninqrad layihələrində hiss edilib, müvafiq olaraq 4,48%, 4,63%, 5,11%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1605 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,0%-ə malikdir. Mənzillərin orta sahəsi 82,6 kv.m, orta otaq göstəricisi isə 2,42 təşkil edir. Hər otağın orta satış qiyməti 54 661 dollar, mənzilin orta qiyməti isə 132 280 dolları təşkil edib.

Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:

İyulda aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Aprel ayında təkrar mənzil bazarında qiymət indeksi mart ayı ilə müqayisədə 0,03 bənd azalaraq 7,13 bəndində qərarlaşıb.


Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “yeni tikili” layihəli 4 otaqlıda qeydə alınıb. “28 May” metro stansiyası yaxınlığında yerləşən 160 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 100 dollar təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunda, Masazır qəsəbəsində yerləşən orta təmirli 72 kv.m-lik sahəyə malik “yeni tikili” layihəli, 1 otaqlı mənzildə qeydə alınıb, 580 USD/kv.m.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR