Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi açılıb

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
# 25 may 2018 13:56 (UTC +04:00)

Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərginin açılışı olub.

APA-nın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı prezident İlham Əliyevin Cümhuriyyətin 100 illiyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətindən danışıb.

O, Cümhuriyyət xadimlərinin zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan bəhs edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” adlı kataloq hazırlanıb. Sərgi iştirakçılarına kataloq barəsində ətraflı məlumat verilib. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin, sərginin təşkilində iştirak etmiş şəxslərə Muzey adından təşəkkürnamələr təqdim edilib. Sərgiyə baxış keçirildikdən sonra qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş kataloq və “İRS – Heritaje” beynəlxalq jurnalı paylanıb.

Sərgidə qurulmuş 13 informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş digər panellərdə Cümhuriyyət xadimlərinin tarixi fotoşəkilləri nümayiş etdirilir. Zalda Dövlət Bayrağının təsviri, həmçinin, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl nümayiş etdirilir.
Sərgidə, həmçinin, Cümhuriyyətin görkəmli xadimlərinə məxsus olmuş və Muzeyin fondlarında saxlanılan tarixi eksponatlar vitrinlərdə nümayiş olunur, Məhəmməd Əmin Rəsulzadənin Muzeyə bu günlərdə hədiyyə olunmuş məktubları yer alır.

Sərgidə fərdi kolleksiyalarda olan materiallar da nümayiş olunur.

Sərgi sentyabrın 5-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR