DİN-in nümayəndəsi azərbaycanlı iş adamlarının qətli ilə bağlı Xerson vilayət prokuroru və istintaq qrupu ilə görüşüb

DİN-in nümayəndəsi azərbaycanlı iş adamlarının qətli ilə bağlı Xerson vilayət prokuroru və istintaq qrupu ilə görüşüb
# 08 sentyabr 2015 14:31 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Daxili İşlər Nazirliyinin (DİN) Azərbaycanın Ukraynadakı səfirliyindəki nümayəndəsi Xerson vilayətində Azərbaycanın diaspor fəalı, iş adamı İlham Tağıyev və digər azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı vilayət prokurorluğunda olub.

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Mübariz Cəfərov APA-ya bildirib ki, Azərbaycan DİN-in səfirlikdəki nümayəndəsi Şahin Qocayev Xerson vilayət prokuroru və qətli araşdıran istintaq qrupunun rəhbərləri ilə görüşlər keçirib.

Görüşdə hər iki hadisə ilə bağlı istintaq qrupunun yaradıldığı bildirilib, qətllərin üstünün tezliklə açılması üçün bütün zəruri addımların atıldığı vurğulanıb.

M. Cəfərovun sözlərinə görə, səfirlik hadisəni törədənlərin tezliklə tapılıb məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərinin sürətləndirilməsi ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyi vasitəsilə bu ölkənin Baş Prokurorluğuna məktub da göndərib.

Qeyd edək ki, bu ilin avqust 17-də Xerson vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev evinin qarşısında döyülərək qətlə yetirilib.

Bundan bir müddət əvvəl isə digər azərbaycanlı iş adamı Vüqar Nuruşov döyülərək qətlə yetirilib, onun meyiti işgəncə nəticəsində tanınmaz hala düşüb. Ailəsi Vüqarın ölümündə son vaxtlar onu hədələyən erməni iş adamı, ehtiyatda olan general Luqasyanı ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR