Ümumdünya Autizm gününə həsr olunmuş dəyirmi masa keçirilib

Ümumdünya Autizm gününə həsr olunmuş dəyirmi masa keçirilib
# 30 mart 2017 15:30 (UTC +04:00)

Bu gün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 2 aprel - Ümumdünya Autizm gününə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib ki, autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən, məhdud və təkrarlanan davranışlara yol açan ümumi inkişaf geriliyidir. Onun sözlərinə görə, autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir: “Lakin bu, qızlarda özünü daha ağır formada göstərir. Autizmin səbəbləri bəzi genetik xəstəliklər, doğuşdan əvvəl , doğuş zamanı və ya sonra meydana çıxan faktorlar, ana bətnində keçirilən qızılca ola bilər. Eyni zamanda autizm bir neçə faktorun mövcudluğu nəticəsində əmələ gəlir. Dünya əhalisinin bir faizi autizm xəstəsidir. Bu da bütün pozuntulardan xeyli çoxdur. Dünyanın bir çox ölkələrində aparılan təhlillər göstərir ki, hər 68 uşaqdan 1-də bu xəstəlik yarana bilər. Xəstəliyin qarşısının alınması istiqamətində ən mühüm məsələ uşağa ən azı 2 yaşında autizm diaqnozunun qoyulmasıdır. Əgər uşaqlara ən azı 2 aşında diaqnoz qoyularsa, bu zaman onların böyük əksəriyyətinin əlilliyi olmayacaq. Bununla da dövlətin üzərindən böyük bir yük götürülmüş olar. Bundan başqa xəstəlik tez zamanda aşkar olunarsa, onların gələcəkdə əqli və fiziki inkişaf geriliyi olmaz və normal insanlar kimi fəaliyyət göstərə bilərlər”.

“Birgə və Sağlam İctimai Birliyi”nin sədri Aytən Zeynalova isə övladının neçə illərdir, autizm xəstəsi olduğunu deyib. Onun sözlərinə görə, autizmli uşaqlar ətrafa laqeyd olur, adına reaksiya vermir, istədiyi şeyi barmağı ilə göstərmir, oyuncaqlarla oynamağı bacarmır, nitq inkişafı yaşıdlarından geri qalır, yemək yemə problemi olur, səbəbsiz yerə stressli və məyus olur, gözləri bis səmtə zillənib qalır, əksər hallarda insanlara deyil, cansız varlıqlara meylli olur, bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir. Bu və digər hallara əsasən valideynlər daha erkən vaxtlarda uşaqlarında xəstəliyin əlamətlərini hiss edə bilir. Onlar həmin anda mütləq həkimə, pediatra müraciət etməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR