Ann Brassör: “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb”

Ann Brassör: “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb”
# 26 iyun 2015 17:07 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə qurumun sədri xanım Ann Brassör Avropa Şurasında akkreditasiya olunmuş jurnalistlərlə ənənəvi görüş keçirib.

Təşkilatın azərbaycanlı üzvü, APA-nın Avropa bürosunun müxbiri Fuad Qulubəyli də görüşdə iştirak edib.

A.Brassör iclasda bildirib ki, bu gün Assambleyanın büro iclasında Azərbaycanda keçiriləcək parlament seçkilərinə qurumun müşahidəçi missiyasının göndərilməsi ilə bağlı alt komitə yaradılıb: “Bu gün səhər Büromuzun iclasında AŞPA-nın Azərbaycana müşahidəçi missiyasının göndərilməsi ilə bağlı məsələni müzakirə etdik. Azərbaycandan belə bir dəvət almışıq və onu qəbul etmişik”.

Brassör eyni zamanda bildirib ki, Azərbaycan parlamentinin sədrinə məktub göndərib və həmin məktubda Assambleyanın bütün üzvlərinin Azərbaycana daxil olmalarına dair təminatla bağlı soruşub.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da Assambleyanın bu gün səhər keçirilmiş büro iclasında qısamüddətli və uzunmüddətli müşahidəçi missiyasının tərkibinin və rəhbərinin artıq təsdiq olunduğunu bildirib.

APA-nın Avropa Şurasındakı mənbələrdən əldə etdiyi məlumata görə, AŞPA-nın bu gün təsdiq edilmiş qısamüddətli və uzunmüddətli müşahidə missiyasının tərkibinə adları Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”nda olan Röne Ruke və Fransua Roşbluanın adları daxil edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR