"Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı" MMC-nin rəhbəri məhkəmədə ifadə verib

"Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı" MMC-nin rəhbəri məhkəmədə ifadə verib
# 30 may 2018 10:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə "Azərbaycan Kağız və Karton İstehsalat Kombinatı" MMC-nin rəhbəri Rauf Əhmədov ifadə verib. O bildirib ki, E. Quliyevi 2012-ci ildən əvvəl tanıyır. Onun sözlərinə görə, biznesə başlayanda “Bank Standard” QSC ilə müqavilə bağlanıb və 7 milyon manat kredit götürüb: "Biz krediti ödəyə bilmədiyimiz üçün onlar faizi şişirdiblər. Buna görə də borcumuz 14 milyon manata qalxıb".

Onun sözlərinə görə, bankın sədri Səlim Kriman tərəfindən təzyiqlə üzləşib: "Bizə təzyiq edirdi ki, götürmədiyimiz pulların da faizini ödəyək".

Proses iyunun 6-da davam etdiriləcək.

Qeyd edək ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, E.Quliyev S.Klimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR