Sabiq deputatın oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib

Sabiq deputatın oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib
# 09 fevral 2018 10:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda şahid qismində Teymur Musayev ifadə verib.

O bildirib ki, zərərçəkmiş Elnur Məmmədovla Türkiyədə olarkən Rövşən Heybətov avto qəzaya düşüb və xəstəxanaya onun yanına gediblər: "Mən Rövşəni yalnız orda görmüşəm. Onu palataya yerləşdirmişdilər. Biz gözlədik Rövşən xəstəxanadan çıxdı və sonra biz qəza olan yerə getdik. Avtomobildə pul olduğunu bilmirdim. Rövşən deyəndən sonra avtomobili axtardıq, ancaq heç nə tapmadıq. Rövşən polisə dedi ki, avtomobildə qara çantada pul var. Polis isə dedi ki, biz bilmirik, gedin özünüz axtarın".

Proses digər şahidlərin ifadələri ilə davam etdirilib.

Növbəti məhkəmə iclası fevralın 16-da keçiriləcək.

Qeyd edək ki, idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətov sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovun şikayəti əsasında həbs edilib.

Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək ona qarşı 200 min manat miqdarında dələduzluq əməli törətdiyini bildirib.

Faktla bağlı araşdırma aparılıb, Rövşən Heybətov saxlanılıb. Onun barəsində ötən il noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Sonradan onun barəsində ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

Elnur Məmmədov "Best of the Best” promoşn qrupunun prezidenti, həmçinin, K-1 döyüş üzrə beynəlxalq qurumun Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR