Elman Babayev: “Ölüm aclığına başlamaq kimi fikirlərlə dövlət orqanını qanunsuz tələblərin yerinə yetirilməsinə təhrik etməyin məntiqi əsası yoxdur”

Elman Babayev: “Ölüm aclığına başlamaq kimi fikirlərlə dövlət orqanını qanunsuz tələblərin yerinə yetirilməsinə təhrik etməyin məntiqi əsası yoxdur”
# 10 iyun 2014 15:53 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev verib.

Xatırladaq ki, bir sıra KİV-lərdə Xocalı rayon sakini, 1971-ci il təvəllüdlü, II qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşmış Türbəndiyev İlham Yaqub oğlunun dövlət hesabına mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayana bilməməsi səbəbindən ölüm aclığına başlayacağını ifadə edib.

Nazirlik rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunma üçün növbəyə götürülürlər. Minik avtomobilinə tibbi göstəriş qeyd olunan şəxslərin yaşadıqları ərazi üzrə Tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən verilir: “İlham Türbəndiyev 7 mart 2011-ci il tarixdə ona minik avtomobilinə tibbi göstərişin təyin olunması üçün 21 saylı TSEK-ə müraciət edib. TSEK tərəfindən İlham Türbəndiyev həmin tibbi göstərişin təyin olunub-olunmamasının Ali Nəzarət Komissiyası tərəfindən əyani şəkildə müayinə olunmaqla müəyyən edilməsi üçün 34 saylı göndərişlə Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilib. Türbəndiyev burada müayinə olunduqdan sonra ona minik avtomobilinə tibbi göstərişin təyin olunmasının qanunvericiliyə uyğun olmadığı müəyyən edilib və ona minik avtomobilinə tibbi göstərişinin olmaması barədə qərar verilib”.

E. Babayev bildirib ki, bundan sonra İ.Türbəndiyev təkrar olaraq 23 oktyabr 2013-cü il tarixdə yenidən Bərdə rayonu üzrə 21 saylı TSEK-ə tibbi göstəriş üçün müraciət edib və o, yenidən müvafiq göndərişlə RTSEM-də əyani müayinəyə göndərilib, nəticədə bir daha ona minik avtomobilinə tibbi göstərişinin olmaması barədə qərar verilib. Belə ki, İ. Türbəndiyevin diaqnozu (“Sol əlin 4-cü barmağının daraq oynağı səviyyəsindən güllə yaralanması nəticəsində amputasiyası, II-III-V barmaqların bükücü kontrakturaları. Sol əlin funksiyasının əhəmiyyətli dərəcədə pozulması. Ürəyin işemik xəstəliyi. Arterial hipertoniya II s.t. Nevsrasteniya.”) ilə ona minik avtomobilinə tibbi göstərişin verilməsi əlilliyin müəyyən olunması barədə müvafiq əsasnaməyə ziddir: “İlham Türbəndiyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbulunda olub və nazir tərəfindən onun bir daha Ali Nəzarət Komissiyası tərəfindən əyani müayinə olunaraq müvafiq qərar verilməsi barədə göstəriş verilib. Lakin İlham Türbəndiyev əyani müayinə olunmaqdan imtina edib”.

İ. Türbəndiyevin Qarabağ müharibəsi əlili kimi dövlət hesabına mənzillə təmin olunmaq məsələsinə gəldikdə isə E. Babayev bildirib ki, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məcburi köçkün olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən deyil, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlər üçün inşa etdirilən yaşayış binalarından mənzillə təmin edilirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR