Millət vəkili ABŞ-da Dünya Bankı Parlament Şəbəkəsi üçün Azərbaycanın təqdimatını keçirib

Millət vəkili ABŞ-da Dünya Bankı Parlament Şəbəkəsi üçün Azərbaycanın təqdimatını keçirib
# 20 aprel 2013 18:33 (UTC +04:00)

Bakı-APA. Hazırda Vaşinqtonda səfərdə olan millət vəkili Ceyhun Osmanlı Dünya Bankı, Beynəlxalq İnkişaf Agentliyi, ABŞ Konqresi Azərbaycanın ABŞ–dakı səfirliyində keçirilən görüşlərdə iştirak edib.

APA-nın xəbərinə görə, millət vəkili bu il 23-24 mayda Dünya Bankı Parlament Şəbəkəsinin 200 nəfərlik heyətinin Azərbaycana gözlənilən səfəri ilə bağlı şəbəkə üzvləri arasında ölkəmizin təqdimatını keçirib.

Ölkənin tarixi-mədəni, müasir sosial-iqtisadi vəziyyəti ilə bağlı məlumat verən C. Osmanlı Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ailəsində fəal iştirakçı olduğunu da qeyd edib.

Azərbaycanın son 20 ildə kasıb ölkədən orta gəlirli ölkəyə, daha sonra isə yuxarı orta gəlirli ölkəyə çevrildiyinin qeyd edildiyi təqdimatda ölkəmizin bu il könüllü olaraq Beynəlxalq İnkişaf Agentliyinə (İDA) borclarını ödəyərək donor ölkəyə çevrilmək istiqamətində addım atacağı da bildirilib.

Qeyd edək ki, Dünya Bankı Parlamet Şəbəkəsinin illik iclası bu il 23-24 mayda Bakıda keçiriləcək. İclasda qurumun İdarə Heyətinə seçkilər də keçiriləcək.

C. Osmanlı səfər çərçivəsində Vaşinqtonda təhsil alan azərbaycanlı gənclərlə görüşüb, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəvəti ilə səfirlikdə Ramsfeld Fondu ilə bərabər keçirilən tədbirdə iştirak edib. O, tədbir çərçivəsində ABŞ-ın sabiq müdafiə naziri Donald Rumsfeldlə də görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR