«Joint Leasing» şirkəti lizinq xidmətləri üzrə faiz dərəcəsini azaldıb

«Joint Leasing» şirkəti lizinq xidmətləri üzrə faiz dərəcəsini azaldıb
# 29 oktyabr 2012 12:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» şirkəti lizinqalanlar üçün lizinq şərtlərini daha cəlbedici etmək məqsədi ilə lizinq maliyyələşməsi üzrə faiz dərəcəsini azaldıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni şərtlərə əsasən, ilkin ödənişi 35%-dən çox olan müştərilər üçün lizinq əməliyyatları üzrə maliyyə vəsaitləri illik 17%-dən başlayan dərəcələrlə təqdim olunacaq. Bundan əvvəl faiz dərəcələri lizinq məbləğindən asılı olaraq 18-20% təşkil edirdi. Lizinq üzrə yeni faiz dərəcələri noyabr ayının 1-dən qüvvəyə minəcək.

Hazırda «Joint Leasing» şirkətindən kommersiya tipli daşınmaz əmlak, tikinti texnikası, tibbi avadanlıq, kənd təsərrüfatı və bütün növ avadanlıqlar, istehsalat xətləri, yük və minik avtomobillərini lizinqə götürmək olar. Səhmdarı, ölkənin və regionun ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının dəstəyi sayəsində «Joint Leasing» istər kiçik və orta, istərsə də ciddi maliyyə dəstəyi tələb edən iri biznes layihələrini maliyyələşdirməyə hazırdır.

Cari ilin oktyabrın 1-nə şirkətin lizinq portfelinin həcmi 35,231 mln. manat təşkil edib. Bu ilin yanvar-sentyabr ayları ərzində 34 yeni layihə maliyyələşdirilib ki, bununla da oktyabrın 1-nə şirkətin maliyyələşdirdiyi və icrada olan layihələrin sayı 191-ə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə layihələrin sayında artım müşahidə olunub. Belə ki, 2011-ci ilin 9 ayı ərzində cəmi 18 yeni layihəyə maliyyə vəsaiti ayrılıb və ümumilikdə ötən ilin oktyabrın 1-nə icrada olan layihələrin sayı isə 171 olub.

Xatırladaq ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərilizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. «Joint Leasing» şirkətinin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir. Azərbaycanın ilk lizinq şirkəti olan «Azərilizinq» 1999-cu ildə yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR