Gürcüstanda aşıqların III qurultayı keçirilib - FOTOSESSİYA

Gürcüstanda aşıqların III qurultayı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 mart 2012 15:51 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda aşıqların III Qurultayı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən öncə qurultay nümayəndələri Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət ediblər. Tədbir Tumanişvili adına Tiflis teatrında davam etdirilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə, AZEBİ-nin, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM), “Varlıq” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan qurultayı AMM-in sədri Fazil Həsənov açaraq qurultaya 153 nəfər nümayəndə qatıldığını bildirib. Folklorşünas professor Mahmud Kamaloğlu bildirib ki, Gürcüstan aşıqlarının birinci qurultayı 1927-ci ildə keçmiş Lüksemburq, indiki Bolnisi rayonunda, II qurultay isə 2002-ci ildə Gürcüstan paytaxtı Tiflis şəhərində çağırılıb. Tədbirdə Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu ötən 10 il ərzində görülən işlər haqqında hesabat xarakterli çıxış edib. Sonra Qaradabanidən olan el aşığı Aslan Kosalı, Kvemo-Kartli bölgə qubernatorunun müavinləri Koba Kobaşvili, Hüseyn Yusubov, “Varlıq” Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Hümmət, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Milli Məclisinin keçmiş deputatı Nazim Məmmədov, Azərbaycan Folklor İnstitutunun direktor müavini Elxan Məmmədli, “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və başqaları çıxış edərək Azərbaycan aşıq yaradıcılığının Borçalı qolunun son illərdəki inkişafından danışıblar. Çıxışçılar Borçalıda Aşıq Xındı Məmməd, Dədə Əmrah, Hüseyn Saraclı, Aşıq Kamandar, Aşıq Sadıq Sultanov, Məsim Bayazıdlı, Musa Qaraçöplü, Aşıq Göycə, Şair Nəbi və digər istedadlı böyük sənətkarlar yetişdirdiyindən və sazın hər iki ölkə arasında sülhü, əmin-amanlığı təbliğ etdiyini, aşıq yaradıcılığının Gürcüstan mədəniyyətində özünə layiqli yer tutduğunu vurğulayıblar.
Qurultayda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin Qurultaya təbrik məktubu oxunub. Qurultay nümayəndələri Gürcüstan dövlətindən xahiş ediblər ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrin birində “Aşıq Evi”, “Aşıq sənəti Fondu” yaradılması üçün maliyyə ayrılsın, “Aşıqlar Muzeyi” yaradılsın, “Aşıq Günü” təsis edilsin, aşıqların həyat və yaradıcılığından bəhs edən almanaxlar nəşr olunsun.
Tədbirdə 11 nəfərdən ibarət idarə heyəti seçilib. Tədbirdə qərara alınıb ki, Gürcüstan aşıqlarının qurultayı hər il beş ildən sonra (növbəti qurultay 2017-ci ildə) çağırılsın.
Gürcüstan aşıqlarının qurultayında Azərbaycan və Gürcüstan prezidentlərinə müraciət qəbul olunub.
Qurultayda Gürcüstan Mədəniyyət Nazirinin müavini David Kiriya, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, reinteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Savalan Mirzəyev və digər dövlət nümayəndələri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR