Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərindəki partlayış nəticəsində başlamış yanğın söndürülüb

Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərindəki partlayış nəticəsində başlamış yanğın söndürülüb
# 13 aprel 2012 22:26 (UTC +04:00)
Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin Mərəzə Xətt İstismar Xidmətinin rəisi Sərxan Mikayılov APA-nın yerli bürosuna bildirib ki, dünən axşam saat 22:50 radələrində 1200 millimetrlik Altıağac-Ağsu qaz xəttinin 21-ci kilometrliyində, Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasındakı dağlıq ərazidən keçən hissəsində qaz sızması nəticəsində partlayış baş verib.

Dərhal kəmərin partlayış baş verən hissəsinin hər iki tərəfindən, yəni Xızı rayonunun Altıağac qəsəbəsindən və Şamaxının Çuxuryurd kəndindən qazın xəttə buraxılışı dayandırılıb. Keçən iki saat ərzində borudakı maye qaz tamamilə yanıb.

S. Mikayılov deyib ki, partlayışla bağlı hazırda yalnız Altıağaca təbii qaz verilişi dayandırılıb. Şamaxı, Qobustan, Ağsu və digər rayonlar dairəvi qaz sisteminə qoşulduğu üçün, hazırda həmin rayonlara təbii qazın verilişində problem yoxdur.

Qeyd edək ki, bir saat öncə kəmərdə alov 150 metrdən də yuxarı qalxırdı.

Partlayışın səsi Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Quba, Xızı rayonlarında da eşidilib. Bu rayonlardan alovu görmək də mümkün olub.

Hadisənin dağlıq ərazidə baş verməsi əraziyə quru nəqliyyatının keçməsini çətinləşdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR