«Təmiz Şəhər» yeni layihələrin təqdimatını keçirib

«Təmiz Şəhər» yeni layihələrin təqdimatını keçirib
# 23 oktyabr 2012 10:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda tullantıların idarə olunmasına dair əhalinin maarifləndirilməsi istiqamətində bir sıra layihələr həyata keçirən «Təmiz Şəhər» ASC növbəti uzunmüddətli maarifləndirmə proqramına start verib.

«APA-Economics»in məlumatına görə, bu gün proqram çərçivəsində reallaşdırılan «Tullantı kalkulyatoru» və «Bərk məişət tullantıların idarə olunmasına dair terminlərin və anlayışların izahlı lüğəti» layihələrinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Nazirlər Kabineti, İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin və digər qurum və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov qeyd edib ki, əhalinin rifahının yüksəlməsi mütənasib şəkildə istehlak səbətinin artımına gətirib çıxarıb. Ehtiyacdan artıq istehlak isə öz növbəsində israfçılığa və tullantıların miqdarının artmasına səbəb olub: «Bu səbəbdən «Təmiz Şəhər» uzunmüddətli geniş maarifləndirmə proqramına start verib ki, bu proqramın əsas məqsədi əhalinin tullantıların azaldılmasına səsləməkdir».

ASC-nin həyata keçirdiyi maarifləndirmə proqramları barədə məlumat verən Z.İbrahimov sözügedən proqramın ətraf mühit, iqtisadi və sosial baxımdan əhəmiyyətini vurğulayıb. Proqramın tərkib hissəsi olan «Tullantı kalkulyatoru» layihəsindən danışan müəssisə rəhbəri bu layihənin tullantıların ətraf mühitə nə cür təsir etdiyini öyrənmək, bu təsirə nəzarət etmək və onu müsbət tərəfə dəyişə bilmək üçün yardımçı olacağını bildirib. Z.İbrahimov onu da qeyd edib ki, «Bərk məişət tullantıların idarə olunmasına dair terminlərin və anlayışların izahlı lüğəti» termin müxtəlifliyinin qarşısını alacaq və vahid terminologiyanın inkişafında əhəmiyyətli olacaq.

Tədbirdə çıxış edən Böyük Britaniyanın «EnviroComms» şirkətinin kommunikasiya direktoru Stiven Beyts tullantıların azaldılması strategiyalarından və maarifləndirmənin bu prosesdə rolu haqqında iştirakçılara ətraflı məlumat verib, maarifləndirmə proqramının tullantıların idarə olunması sahəsinin inkişafına təkan verəcəyini vurğulayıb.

Toplantıda çıxış edən Sosial İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Azad Əliyev isə «Bərk məişət tullantıların idarə olunmasına dair terminlərin və anlayışların izahlı lüğəti»n ölkə alimləri, ekoloqları, tələbələr və digər mütəxəssislər üçün elmi araşdırmaların aparılmasında, bərk məişət tullantılarının idarə olunmasının konsepsiyasının icrasında yardımçı vəsait olacağını qeyd edib.

Qeyd edək ki, «Təmiz şəhər» ASC məişət tullantılarının toplanması, emalı və utilizasiyası üzrə müasir standartlara uyğun vahid sistemin yaradılması məqsədilə 2008-ci ildə təsis olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR