Qara Qarayevin “Yeddi gözəl” baleti Belarusda nümayiş olunub

Qara Qarayevin “Yeddi gözəl”  baleti  Belarusda nümayiş olunub
# 12 oktyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Belarusda Azərbaycan Mədəniyyəti günləri və Azərbaycan və Belarusun opera və balet teatrları arasında mədəni əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası nümayiş olunub. Teatrdan APA-ya verilən məlumata görə, Minsk sakinlərinin bu tamaşaya marağı çox böyük olub. Belarus KİV-də və televiziya kanallarında tamaşa haqqında geniş məlumatlar verilib. Tamaşa günü Opera teatrının 1200 nəfərlik tamaşa zalı tamamilə dolu olub. Teatrın müdiriyyəti tərəfindən tamaşanı seyr etmək arzusunda olanların istəyini yerinə yetirmək üçün zala çoxlu sayda əlavə stullar qoyulub.

Tamaşada minskli baletsevərlərlə yanaşı, Belarusun siyasi rəhbərliyini təmsil edən yüksək vəzifəli şəxslər, yaradıcı ziyalılar, KİV-i və əsas televiziya kanallarının (“Belorus-1”, “Belorus-2”, “TV RBN”, “ONT”, habelə AzTV və Space TV) çəkiliş qrupları iştirak ediblər.

“Yeddi gözəl” baleti tamaşaçıların sürəkli alqışları altında keçib, tamaşanın sonunda isə bütün zal ayağa qalxaraq balet ustalarını uzun müddət alqışlayıblar. Tamaşadan sonra Belarus Opera və Balet Teatrının direktoru Vladimir Pavloviç Qridyuşko bunları deyib: “Bu gün biz sözün həqiqi mənasında Azərbaycan baletinin möhtəşəm qələbəsinin şahidi olduq. Tamaşa çox baxımlıdır. Hələ də bu gözəl musiqisinin təsiri altındayıq. Bir daha görkəmli bəstəkar Qara Qarayevin dahiliyinin şahidi olduq. Biz “Yeddi gözəl”i öz səhnəmizdə tamaşaya qoymaq haqqında fikirləşirdik, lakin gördüklərimizdən sonra qəti qərar qəbul etdik ki, bu gözəl əsər mütləq Belarus teatrında səhnəyə qoyulmalı və repertuara daxil edilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR