Azərbaycanda Dövlət Yol Polisi növbəti dəfə sürücülərə müraciət edib

Azərbaycanda Dövlət Yol Polisi növbəti dəfə sürücülərə müraciət edib
# 03 fevral 2012 15:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə növbəti dəfə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, Bakı-Quba və Bakı-Şamaxı yollarında buzlaşma müşahidə olunur. Ağsu aşırımında isə yolun hərəkət istiqamətində artıq buzlaşma var.

K. Əliyev sürücüləri hava şəraitinə uyğun seçim etməyə çağırıb. Adıçəkilən istiqamətlərdə hərəkət edən sürücülərdən zənciri, mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri tövsiyə olunur.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən də paytaxtın bəzi yollarında təhlükəli vəziyyətin yarandığı bildirilib. “Sədərək” Ticarət Mərkəzi istiqamətində, “Cavanşir” və Ziya Bünyadov prospekti ilə Atatürk prospektlərinin kəsişməsindəki körpüdə buzlaşma müşahidə olunur. Hazırda həmin ərazilərə qum və duz səpilir.

Dövlət Yol Polisi mövcud vəziyyəti nəzərə alaraq, sakinləri buzlu yollarda mümkün qədər şəxsi avtomobillərindən az istifadə etməyə çağırıb, əsasən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR