Azərbaycanda bank aktivləri 13% artıb

Azərbaycanda bank aktivləri 13% artıb
# 10 avqust 2012 13:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivlərinin həcmi 2012-ci il iyul ayının 1-nə 14 778,79 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bank aktivləri ötən ilin iyulun əvvəli ilə müqayisədə 1,638 mlrd. manat və ya 12,5%, o cümlədən bu ilin əvvəlindən 831,98 mln. manat və ya 6% artıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi iyulun 1-nə 9 642,4 mln. manat (xüsusi çəkisi 65,2%), müxbir hesabları 1 062,4 mln. manat (7,2%), investisiyaların həcmi 1 294,6 mln. manat (8,8%), nağd vəsaitlər 619,6 mln. manat (4,2%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 647,2 mln. manat (4,4%), digər aktivlər isə 1 512,6 mln. manat (10,2%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 85,0%-i bank öhdəliklərinin payına düşür. Belə ki, bankların məcmu öhdəliklərinin həcmi 12 555,6 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 6 823,1 mln. manat depozitlər, 4 539,9 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 1 192,5 mln. manat digər öhdəliklərin payına düşür. Bankların məcmu kapitalı 2012-ci il iyulun 1-nə 2 223,2 mln. manata bərabər olub.

Bankların aktiv və passivlərin strukturunu təhlil edərkən bir neçə məqam diqqət çəkir. Belə ki, bu ilin II rübü ərzində müxbir hesablarda olan vəsaitlərin həcmi 573 mln. manat azalıb, müştərilərə verilən kreditlər isə öz növbəsində 524 mln. manat artıb. Bu fakt banklar tərəfindən kreditləşmədə fəallaşdığını və «işləməyən» vəsaitlərin azaldıldığını göstərir. Bundan başqa, II rüb ərzində depozitlərin həcmində 254 mln. manatlıq azalma müşahidə olunub ki, bu da əsasən «axar» passivlər hesab olunan hüquqi şəxslərin depozitləri hesabına baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR