Riçard Morninqstar təhsil mütəxəssisləri və ABŞ mübadilə proqramlarının məzunlarını qonaq edib

Riçard Morninqstar təhsil mütəxəssisləri və ABŞ mübadilə proqramlarının məzunlarını qonaq edib
# 26 sentyabr 2012 16:58 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 26-da ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar 250-dən çox təhsil mütəxəssisini və ABŞ mübadilə proqramlarının məzunlarını qərargahında qonaq edib. APA-nın məlumatına görə, ziyafət ABŞ-Azərbaycan mübadilə proqramlarının və onların məzunlarının töhfələrini, həmçinin ABŞ səfirliyi ilə Azərbaycan Təhsil Nazirliyi arasında əməkdaşlığı qeyd etmək məqsədilə təşkil olunub.

R. Morninqstar bildirib ki, mübadilə proqramlarının həm ABŞ-dan, həm də Azərbaycandan olan iştirakçıları iki ölkə arasında əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayırlar: “Onlar hər iki ölkədə biznes, mədəniyyət və siyasət sahələrində liderlərdir və biz onların nailiyyətləri ilə çox fəxr edirik”.

ABŞ-Azərbaycan mübadilə proqramlarının 4 mindən çox məzunu var. Hazırda hər il 150-200 azərbaycanlı ABŞ tərəfindən maliyyələşdirilən mübadilə proqramları çərçivəsində Birləşmiş Ştatlara səfər edir, 40-50 amerikalı isə Azərbaycana gəlir. Orta, ali məktəb tələbələrinə və peşəkarlara xidmət göstərən 15 mübadilə proqramı fəaliyyət göstərir.

“Mən ABŞ səfirliyi və Təhsil Nazirliyi arasında bu proqramlar üzrə olan yaxın əməkdaşlıqdan xüsusilə məmnunam. Fulbrayt tələbə proqramının yarısını maliyyələşdirməklə yanaşı, nazirlik bizim orta məktəb və bakalavr proqramlarımıza da çox dəyərli dəstək göstərir. Bu, həqiqi əməkdaşlıqdır və ABŞ-Azərbaycan münasibətlərini əks etdirən dostluq nümunəsidir. Biz əməkdaşlığımızı daha da inkişaf etdirməyə ümidliyik”, - deyə səfir bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR