Elnur Məmmədli olimpiya oyunlarında mübarizəni dayandırıb

Elnur Məmmədli olimpiya oyunlarında mübarizəni dayandırıb
# 31 iyul 2012 12:33 (UTC +04:00)
Bakı – APA. Azərbaycan cüdoçularının XXX Yay Olimpiya Oyunlarında uğursuz çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, Pekin olimpiadasının qalibi Elnur Məmmədli (81 kq) və Ramilə Yusubovadan (63 kq) uğur gözlənilsə də, onlar bunu bacarmayıblar. Cüdoçularımız müvafiq olaraq, 1-ci və 2-ci döyüşlərində uduzaraq yarışla vidalaşıblar.

Təbii ki, əsas ümidlər Elnura idi. Pekin Olimpiadasında möhtəşəm çıxışı ilə qalib olan Məmmədli çəkisini dəyişərək, 81 kq-da çıxış edirdi. Londona ikinci dəfə Olimpiya çempionu olmaq üçün yollanan Məmmədli adını idman tariximizə yazdırmaq istəyində olsa da, bu istəyini həyata keçirə bilməyib. Mübarizəyə 1/32 final mərhələsindən başlayan təmsilçimiz kanadalı Antuan Val-Forte ilə qarşılaşıb.

Döyüşün əsas vaxtında idmançılar xal qazana bilmədiklərindən və hərəsi 1 xəbərdarlıq aldığından, əlavə vaxta ehtiyac duyulub. Burada da cüdoçular fənd tətbiq edə bilməyib və yekunda hakimlər daha aktiv olan kanadalını qalib elan ediblər. Nəticədə Pekində bütün görüşlərini ipponla bitirən Məmmədli Londonda Olimpiada ilə erkən vidalaşıb.

Yusubova isə Elnurla müqayisədə əzmkarlıq nümayiş etdirərək, ilk görüşdə qələbə qazanıb. Dünya çempionatının mükafatçısı 1/16 finalda türkmənistanlı Gülnar Haytbayevanı mübarizədən kənarlaşdırıb. O, rəqibinə yuko və vazari ilə qalib gəlib.

Həmyerlimiz 1/8 finalda daha güclü olan cənubi koreyalı Da-Vun Younqla üz-üzə gəlib. Təəssüf ki, ilk dəqiqələrdən üstünlüyə yiyələnən asiyalı sonda Yusubovanın hələ zəif olduğunu müəyyənləşdirib. İpponla uduzan həmyerlimiz isə Olimpiadada çıxışını vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Londonda 8 idmançımızdan 6-sı artıq çıxışını mükafatsız başa vurub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR