Ukraynada daha 5 azərbaycanlı biznesmen oğurlanıb, ölkədə yaşayan azərbaycanlılar erməni nazir Avakova qarşı etiraza qalxıblar

Ukraynada daha 5 azərbaycanlı biznesmen oğurlanıb, ölkədə yaşayan azərbaycanlılar erməni nazir Avakova qarşı etiraza qalxıblar
# 10 sentyabr 2016 16:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Ukraynada daha 5 azərbaycanlı iş adamı, diaspor fəalı naməlum şəxslər tərəfindən qaçırılaraq girov götürülüb, 2-si pul müqabilində buraxılıb. Son qısa müddət ərzində ölkənin müxtəlif şəhərlərində 12 müxtəlif azərbaycanlı iş adamına məxsus iri restoranlar isə hücuma məruz qalaraq yandırılıb, 6 bahalı avtomobil qaçırılıb. Ukraynada yaşayan azərbaycanlıların bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi qarşısında kütləvi etiraz aksiyası keçirməyə qərar veriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, oğurlanan, girovluqda qalan iş adamları konqresin Kiyevdəki fəalları Sakit Hacıyev, Elvar İsgəndərov və Dnepropetrovskdə diaspor fəalı, iş adamı Vitali Şirinovdur.

Məsələ ilə bağlı Ukraynada yaşayan azərbaycanlıların narahatlığı səbəbi ilə Konqresin Kiyevdə təcili toplantısı keçirilib. Tədbirdə artıq son 2 ilə yaxın müddətdə Ukraynada azərbaycanlıların mütəmadi oğurlanması, qətli və azərbaycanlı iş adamlarının obyektlərinə hücumların kütləvi hal almasının ciddi narahatlıq yaratdığı bildirilib. Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov Ukraynanın müxtəlif vilayət və şəhərlərində Azərbaycanlı iş adamlarının, gənclərin və tələbələrin naməlum şəxslər tərəfindən oğurlanaraq onların ailələrindən külli miqdarda pul alınması müqabilində azadlığa buraxılması ilə bağlı məlumatların əldə olunduğunu bildirib. O qeyd edib ki, indiyədək Ukraynanın müxtəlif vilayət və şəhərlərində 20-dən çox azərbaycanlı iş adamı və tələbə oğurlanıb ki, bunlardan 6 nəfəri Kiyev şəhərindəndir: “2014-cü ilin may ayında Konqresin sədri ,Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevə qarşı sui - qəsd oldu. Ağır yaralanan R. Tağıyev təsadüf nəticəsində sağ qaldı. Bu olaydan bir müddət sonra Keremençuk şəhərinin azərbaycanlı meri Oleq Babayev güllələnərək öldürüldü. Ötən il Xerson şəhərində Azərbaycan diasporunun fəallarından Nuruşov Vuqar və Tağıyev İlham da eyni qaydada qətlə yetiriliblər. Bu il isə Kiyev şəhərindən Azərbaycan diasporunun öncüllərindən olan 6 nəfər iş adamı oğurlanaraq onların yaxınlarından külli miqdarda pul tələb olunub. Kiyevdə Xıdır Məmmədov evlərinə gedərkən yolda naməlum şəxslər tərəfindən oğurlanaraq 48 gündən sonra küllü miqdarda pul alınmaqla buraxılıb. Onun ardınca Xerson vilayətində yaşayan Ələkbərov Təbriz adlı Azərbaycanlı iş adamı oğurlanaraq 2 aydan sonra külli miqdar pulun müqabilində azadlığa buraxılıb. Ötən il Oktyabrın 13-dən 14-nə keçən gecə Kiyev şəhərində qaçqın kimi yaşayan Donetsk Azərbaycanlıları Konqresinin sədri Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyev işdən evlərinə gələrkən kirayə yaşadıqları binanın həyətindən naməlum şəxslər tərəfindən oğurlanıb. Hadisə baş verən gündən Ukrayna Konqres Ukrayna prezidentinə və daxili işlər nazirinə müraciət etməsinə baxmayaraq bununla bağlı heç bir nəticə hasil olmayıb. Nəhayət 3 aydan sonra külli miqdarda vəsaitin müqabilində Cəlal Pirverdiyev ailəsinə qaytarılıb. Bu misalları uzatmaq olar. Ukraynadakı diaspora fəallarına qarşı təhdidlər bir neçə istiqamətdə aparılır. Bu prosesdə əsasən diaspora hərəkatına maliyyə dəstəyi verən soydaşlarımız hədəfə götürülüb. Son 2 ildə Kiyev, Odessa, Donetsk, Dnepropetrovsk və digər şəhərlərdə bir - birinin ardınca azərbaycanlı iş adamlarına məxsus 12 restoran yandırılıb. Onlardan 6-sı Kiyev şəhərində həyata keçirilib. Bununla bağlı Ukraynanın aidiyyəti orqanlarında istintaq işi başlasa da ortada heç bir nəticə yoxdur. Ukraynanın əksər şəhərlərində azərbaycanlı iş adamlarına qarşı inzibati qaydada əsassız təzyiqlər olunur. Son 2 ildə Azərbaycanlı iş adamlarına məxsus 6 bahalı avtomobil oğurlanıb. Bu baxımdan vaxtı ilə Azərbaycan diasporuna maddi dəstək verən soydaşlarımızın əksəriyyəti üzləşdikləri təzyiq və təhdidlər nəticəsində müflis duruma düşüblər. Bütün bunların hamısı erməni əsilli daxili işlər naziri Arsen Avakovun dövründə baş verməsi nəinki təsadüfdür, bizdə olan məlumata görə birbaşa o bu işlərin ilhamçısıdır. Bundan başqa son dövrlər xoşa gəlməyən digər hadisələr isə Ukraynanın sərhəd məntəqələrində, xüsusən də Hava limanlarında Ukraynaya gələn Azərbaycanlılardan əsassız vizanın tələb olunması hallarıdır. Beləki, bu ölkəyə gələn soydaşlarımızdan Ukraynaya gəlmələri üçün dəvətnamə və yaxud rüşvət tələb olunur. Əks təqdirdə Azərbaycanlılar heç bir əsas olmadan deportasiya olunaraq geri qaytarılırlar. Əldə olunan məlumata görə Ukrayna sərhəd xidmətinin rəhbəri Avakova yaxın şəxsdir. Bütün bu süni narazılıqların yaradılması isə bir başa Azərbaycan Ukrayna münasibətlərinin gərginləşməsinə hesablanıb”.

Tədbirdə Ukraynanın xalq artisti Qurban Abbasov, Konqresin fəallarından Hamlet Paşayev, İlkin Məmmədov və digər azərbaycanlılar çıxış edərək artıq pik həddə çatan bu vəziyyətin Arsen Avakovun Ukrayna Daxili İşlər naziri təyin edildikdən sonra baş verdiyini bildirərək sual ediblər ki, nə üçün bu müddət ərzində baş verən bu kimi hadisələr yalnız azərbaycanlılara qarşıdır? Ermənilər ilə bağlı bir dənə də ölüm-itim və oğurluq hadisəsi yoxdur. Toplantıda diaspor fəalları Arsen Avakovun qatı erməni milliyətçiliyini nümunə gətirərək artıq kütləvi şəkildə Ukrayna hökuməti qarşısında etiraz səslərini qaldırmağa qərar veriblər. Toplantıda sentyabr ayının 14-də saat 12-dən 13-dək Ukrayna Daxili işlər Nazirliyinin qarşısında bütün şəhərlərdən gələn azərbaycanlıların etiraz aksiyasının keçirilməsi haqqında qərar qəbul olunub. Azərbaycanlılar ukraynadakı Azərbaycan səfirliyinin bu məsələyə biganəliyindən narazılıq edərək, bu məsələlər üzrə konsul Abbas Mustafayevin kömək əvəzinə onları qəbuldan qovmalarından şikayətləniblər.

Səfirliyin konsulluq məsələləri üzrə katibi olan Abbas Mustafayev isə bu barədə danışmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR