Məmurun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsində şahidlər ifadə verib

Məmurun qətlində təqsirləndirilən həyat yoldaşının məhkəməsində şahidlər ifadə verib
# 13 iyun 2016 13:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses Xalidə İsgəndərovanın qardaşı İlyas İbrahimov ifadə verib. O, bildirib ki, hadisə baş verən zaman Türkiyədə Müdafiə Nazirliyinin nümayəndəsi kimi çalışıb: “Mənə zəng etdilər ki, Fizulini öldürüblər. Mən də gəldim Bakıya. İstintaqda mənə dedilər ki, bacımla telefonla danışmışam, ona istiqamət vermişəm, lakin belə hadisə olmayıb. İstintaq orqanı bizim heç bir vəsatətimizi təmin etmədi. Onların təqdimatı ilə mən işdən azad olundum”.

Daha sonra prosesdə mərhum F. İsgəndərovun bacısı Cəmilənin həyat yoldaşı Mahir Süleymanov ifadə verib. O, Xalidə İsgəndərova ilə düşmən olduqlarını deyib: “Mənim qayınım Fizuli ilə münasibətim qardaş kimi olub. O, öləndən sonra Xalidə hər yerdə dedi ki, onu Mahir öldürüb. Mən özümü öldürərdim, ona qıymazdım. Fizulini Xalidə döyürdü, başında çapıq izi var idi”.

Mərhum F. İsgəndərovun qardaşı Nizami İsgəndərovun həyat yoldaşı Nailə İsgəndərova isə bildirib ki, qətlin Xalidə İsgəndərova tərəfindən törədilməsindən şübhələnib: “Qızları Amanı bizə dedi ki, polis mənə deyir ki, atanızı ananız öldürüb. Mən də Xalidədən şübhələnmişdim”.

Məhkəmə prosesi iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.

Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR