Azərbaycan sənayesi 4% böyüyüb

Azərbaycan sənayesi 4% böyüyüb
# 12 iyun 2015 14:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,7% artaraq 10840,7 mln. manat təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,4%-lik, neft sektorunda isə 1,4%-lik artım müşahidə olunub.

Sənaye məhsulunun 63,5%-i mədənçıxarma, 28,0%-i emal, 7,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 76,3%-ni təşkil edib, ümumi istehsalın 88,4%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 11,6%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib, bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin iyunun 1-nə 376,4 mln. manatlıq hazır məhsul olub.

Ehtiyatların 73,3%-i Bakı, 7,2%-i Sumqayıt, 1,4%-i Gəncə, 1,1%-i Şirvan və 0,2%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 14,9 mln. manat məbləğində digər mallar da mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR