Saymon Kleq: "Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarının brendini yaratmağa nail olub"

Saymon Kleq: "Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarının brendini yaratmağa nail olub"
# 06 iyun 2015 14:00 (UTC +04:00)

Bakı-APA. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) olub.

APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Saymon Kleq agentlikdə keçirilən görüşdə bildirib ki, Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarının brendini yaratmağa nail olub.

Görüşdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib. Birinci Avropa Oyunlarına hazırlıq işlərini AZƏRTAC-ın geniş təbliğ etdiyini, yarışların keçiriləcəyi məkanlar, idmançılar haqqında müntəzəm informasiyalar yaydığını vurğulayan baş direktor agentliyin “Bakı-2015”-in rəsmi media tərəfdaşı olmasının bu baxımdan geniş imkanlar yaratdığını qeyd edib.

Saymon Kleq birinci Avropa Oyunlarına hazırlıq üçün ayrılan cəmi 30 aylıq müddətdə bu prosesi Azərbaycanın uğurla başa vurduğunu diqqətə çatdıraraq görülən işləri böyük nailiyyət kimi dəyərləndirib. O, birinci Avropa Oyunlarının təbliğində və işıqlandırılmasında medianın iştirakına böyük önəm verdiklərini və bunun üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Saymon Kleq “Bakı-2015”-in 2016-cı ildə “Formula-1” Avropa Qran-prisi, Dünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunları kimi mötəbər idman tədbirlərinin təşkilində Azərbaycana mühüm və zəngin təcrübə qazandıracağını vurğulayıb. Sonra Saymon Kleq AZƏRTAC-ın əməkdaşları ilə görüşüb, onların suallarını cavablandırıb.

Birinci Avropa Oyunlarının yayımlanmasına dünyada böyük maraq göstərildiyini vurğulayan Saymon Kleq yarışların 800 milyonluq tamaşaçı auditoriyasına təqdim olunacağını söyləyib. Yarışlar təkcə Avropada deyil, habelə ABŞ, Çin, Yaponiya, Hindistan kimi böyük ölkələrdə də yayımlanacaq. Bizim məqsədimiz televiziya yayımlarından da gəlirlərin əldə edilməsinə nail olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR