Azərbaycan son 30 il ərzində İsrailin terrorla necə mübarizə apardığını yaxından izləyib.
APA xəbər verir ki, bunu İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun deyib.
Kaplun qeyd edib ki, İsrail hazırda tarixinin bəlkə də ən çətin günlərini yaşayır: “Gözlərimizin önündə əsl insanlıq faciəsi baş verir. Ağrımızı sözlə ifadə etmək çətindir. Belə bir vaxtda əsl dostların dəstəyini hiss etmək çox vacibdir”.
Aleks Kaplun Azərbaycanın İsrailə dəstəyini yüksək qiymətləndirib: “Son iki gündə Azərbaycandan onlarla məktub, mesaj və zənglər daxil olub. Bakıda insanlar İsrail səfirliyinə güllər gətirir, həlak olan israillilərin xatirəsinə şam yandırırlar. İsrailə dəstək ifadə edən sözlər gəlməyə davam edir və həqiqətən ürəyimizi isidir. Şəxsən mən həm Azərbaycanın aparıcı şirkət və təşkilatlarının rəhbərlərindən, həm də ən yüksək səviyyəli siyasi və dövlət rəsmilərindən telefon zəngləri ilə bərabər, dəstək mesajları almağa davam edirəm”, - Kaplun qeyd edib.
Kaplun İsrailə dəstək ifadə etdiyinə görə Azərbaycana təşəkkür edib: “Bizə qayğı göstərdiyinə, bizi düşündüyünə, israilliləri ruhlandırmağa çalışdığına və hər cür köməklik göstərdiyinə görə Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyiniz unudulmaz və olduqca dəyərlidir”.