Göygöl rayonunda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası başa çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun, Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmakın və Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvilinin rəhbərlik ilə nümayəndə heyətlərinin iştirak etdiyi iclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunub.İclas çərçivəsində əvvəlki görüşlər zamanı əldə edilmiş razılaşmaların icra vəziyyəti qiymətləndirilib, qarşılıqlı əməkdaşlığın nəticələri təhlil olunaraq növbəti mərhələdə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Azərbaycan, Gürcüstan və Türkiyə arasında gömrük sahəsində formalaşmış səmərəli əməkdaşlıq regionda ticarət və nəqliyyat əlaqələrinin inkişafına, tranzit imkanlarının genişləndirilməsinə və sərhədkeçmə prosedurlarının daha da təkmilləşdirilməsinə mühüm töhfə verir.
Görüşdə Orta Dəhliz boyunca gömrük prosedurlarının optimallaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi və gömrük xidmətləri arasında praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi əsas prioritetlər sırasında qeyd olunub.Üç ölkənin gömrük orqanları arasında koordinasiyanın gücləndirilməsinin regional nəqliyyat və logistika imkanlarının daha səmərəli reallaşdırılmasına xidmət etdiyi vurğulanıb. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit əməliyyatlarının asanlaşdırılması, elektron məlumat mübadiləsinin genişləndirilməsi və sərhədkeçmə proseslərinin səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Üçtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi tranzit gömrük prosedurlarının uzlaşdırılması, ilkin elektron məlumat mübadiləsinin təkmilləşdirilməsi, risklərin idarə edilməsi mexanizmlərinin inkişaf etdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin artırılması, həmçinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. Bu istiqamətlər üzrə gömrük xidmətlərinin əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinin yükdaşımaların daha çevik təşkili, sərhədlərdən keçid proseslərinin sürətləndirilməsi və beynəlxalq ticarət zəncirinin fasiləsizliyinin təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb və görüşün protokolu imzalanıb.
***
10.22
Göygöl rayonunda Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin 5-ci iclası keçirilir.
APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun, Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmakın və Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvilinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edirlər.
İclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərinin geniş müzakirəsi nəzərdə tutulur.