Azərbaycan və Yaponiya yeni Konvensiya layihəsinin vergitutma müddəaları üzrə razılığa gəliblər

Orxan Musayev

© APA | Orxan Musayev

# 26 may 2021 12:58 (UTC +04:00)

Azərbaycan və Yaponiya arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanacağı təqdirdə hər iki ölkənin sərmayəçiləri üçün əlverişli şərait yaranacaq.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bunu Xidmətin beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Orxan Musayev Konvensiya layihəsi üzrə növbəti danışıqlar zamanı qeyd edib.

Onun sözlərinə görə, bu səbəbdən, yeni sənəd məlumat mübadiləsinin genişlənməsi və vergi borclarının yığılmasında səmərəli mühitin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı 2022-ci ilin “Azərbaycan-Yaponiya dostluq ili”nin olduğu nəzərə alınaraq, yeni Konvensiyanın bütün müddəalarının növbəti ilə qədər tam razılaşdırılması istiqamətində bütün zəruri işlərin görüləcəyi vurğulanıb. Ölkələr arasında yeni Konvensiyanın bağlanması həm Yaponiya, həm də Azərbaycan sərmayəçilərinə əlverişli şəraitin yaradılması və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Konvensiya layihəsi, həmçinin, hər iki ölkənin vergi orqanları arasında vergidən yayınmanın qarşısının alınması sahəsində əməkdaşlıq və məlumat mübadiləsinin təşkil edilməsini təmin edəcək.

İki gün davam edən müzakirələrin nəticəsi olaraq, Konvensiya layihəsinin vergitutma ilə bağlı olan bütün müddəaları üzrə razılıq əldə edilib. Hər iki tərəfin Xarici İşlər nazirliklərinin səlahiyyətlərinə aid olan maddələrin əksəriyyəti razılaşdırılsa da, bir neçə maddə növbəti danışıqlar üçün hələlik açıq qalıb. Ümumilikdə, müzakirələr qarşılıqlı anlaşma mühitində keçib və açıq qalan maddələrin tez bir zamanda razılaşdırılması istiqamətində bütün səylərin göstərilməsi ilə bağlı razılığa gəlinib.

Qeyd edək ki, son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Azərbaycanın imzaladığı 55 sazişdən 54-ü artıq qüvvəyə minib, 1 saziş isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR