Azərbaycanın Avropa İttifaqına (Aİ) üzv dövlətlərlə ixracının həcmi 6,8 mlrd. ABŞ dolları təşkil edir.
"APA-Economics" xəbər verir ki, bunu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək" və "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihələrinin yekunları ilə bağlı tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, eyni zamanda, İttifaqa üzv ölkələrin 1 700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir: "Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir".
O. Məmmədov həmçinin əlavə edib ki, Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər.
"Bu, xüsusilə post-pandemiya dövründə iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi baxımından da əhəmiyyətlidir. Qeyd etmək istərdim ki, ötən illər ərzində Azərbaycan Hökuməti tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və konkret tədbirlər həyata keçirilib. Pandemiyanın yaratdığı neqativ təsirlərə baxmayaraq, artıq 2021-ci ildə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,2 %, neft-qaz sektorunda isə 1,8% artıb", - deyə O. Məmmədov qeyd edib.