Bu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2% artaraq 1682,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən “APA-Economis”ə verilən məlumata görə, muzdla çalışan işçilərin 902,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 779,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstəriblər.
Muzdla işləyənlərin 19,8%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki, 1,9%-i maliyyə və sığorta, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2022-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11% artaraq 768,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.