Bank Of Baku

Azərbaycanda təbii inhisar subyektlərində 270 iş gününədək yoxlama aparıla bilər

Azərbaycanda təbii inhisar subyektlərində 270 iş gününədək yoxlama aparıla bilər
# 11 sentyabr 2023 15:02 (UTC +04:00)

Rəqabət orqanı tərəfindən hökmran mövqe tutmuş təsərrüfat subyektlərində və təbii inhisar subyektlərində planlı və plandankənar yoxlamalar, digər təsərrüfat subyektlərində plandankənar yoxlamalar aparılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Layihəyə əsasən, rəqabət orqanı aşağıdakı hallarda bazar subyektlərində yoxlama aparır :

- rəqabət qanunvericiliyinin pozulması əlamətlərini aşkar etdikdə;

- rəqabət qanunvericiliyinin pozulması barədə mənbəyi bəlli məlumat (bu Məcəllədə qeyd edilən sənədlər, məlumatlar və müraciətlər) əldə etdikdə;

- işə baxılma zamanı zərurət yarandıqda;

- aparılan araşdırmalar zamanı əlavə sübutlara zərurət yarandıqda.

Yoxlamaların aparılması zamanı rəqabət orqanının yoxlama aparmaq hüququna malik vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:

- bazar subyektlərinin iqtisadi fəaliyyət məqsədilə istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, binalara, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirmək və yoxlamanın predmetinə dair bu Məcəllənin tələblərinə uyğun olaraq digər zəruri tədbirlər həyata keçirmək;

- yoxlama müddətində və yoxlama üçün əhəmiyyətindən asılı olaraq rəqabət orqanının əsaslandırılmış qərarı ilə bazar subyektinin istehsal avadanlıqlarının olduğu otaqlar istisna olmaqla, avadanlıqlarının, sənədlərinin, araşdırma materiallarının yerləşdiyi otaqları möhürləmək;

- fəaliyyəti ilə bağlı elektron və (və ya) kağız daşıyıcılarda olan zəruri məlumatları və sənədləri yoxlamaq, habelə onlardan çıxarışlar (surətlər) etmək;

- yoxlanılan bazar subyektinin istənilən nümayəndəsinə yoxlama predmeti ilə bağlı suallar vermək və zəruri məlumatları dəqiqləşdirmək.

Rəqabət orqanı tərəfindən bazar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Rəqabət orqanı tərəfindən hökmran mövqe tutmuş təsərrüfat subyektlərində və təbii inhisar subyektlərində planlı və plandankənar yoxlamalar, digər təsərrüfat subyektlərində plandankənar yoxlamalar aparılır.

Plandankənar yoxlama təyin edildikdə qanun pozuntusu ilə bağlı faktların və sübutların məhv edilməsinin və ya gizlədilməsinin qarşısının alınması məqsədilə bazar subyektinə bu barədə əvvəlcədən məlumat verilmir.

Yoxlama (təbii inhisar subyektlərində aparılan yoxlamalar istisna olmaqla) 30 (otuz) iş günündən artıq olmayan müddətdə aparılır. Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda, rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 30 (otuz) iş günü müddətinə uzadılmaqla 90 (doxsan) iş gününədək artırıla bilər.

Təbii inhisar subyektlərində aparılan yoxlamalar 90 (doxsan) iş günündən artıq olmayan müddətdə aparılır. Yoxlamanın aparılması üçün əlavə müddət tələb olunduqda, rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın müddəti hər dəfə 90 (doxsan) iş günü müddətinə uzadılmaqla 270 (iki yüz yetmiş) iş gününədək artırıla bilər.

Rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Rəqabət orqanının əsaslandırılmış qərarına əsasən yoxlama aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 6 (altı) aydan çox olmamaqla dayandırılır:

- yoxlama zamanı şəxs qeydiyyatda olduğu (faktiki olduğu) ünvanda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunanadək;

-barəsində yoxlaması aparılan bazar subyektinin rəhbəri (onu əvəz edən şəxs) müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək;

-rəqabət orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə – mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək;

- yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən rəqabət orqanının sorğusuna cavab xarici ölkədən alındıqda – xarici ölkədən cavab alınanadək;

- bu Məcəllə ilə müəyyən edilmiş hallarda – məhkəmənin qərarı qanuni qüvvəyə minənədək.

Rəqabət orqanı qeyd olunan hallar aradan qalxdıqda yoxlamanın bərpa olunması barədə qərar qəbul edir. Qeyd olunan müddət ərzində həmin hallar aradan qalxmadıqda rəqabət orqanı yoxlamaya xitam verilməsi haqqında qərar qəbul edir.

Rəqabət orqanının vəzifəli şəxsi yoxlama zamanı təsərrüfat subyektinə yoxlama üçün zəruri olan sənədlərin və məlumatların təqdim edilməsi barədə tələbnamə verə bilər. Təsərrüfat subyekti tələbnamə ilə müəyyən edilmiş müddətdə sənədləri və məlumatları rəqabət orqanına təqdim etməlidir.

Rəqabət orqanı tərəfindən tələb edilən, yoxlama üçün zəruri sənədlərin və (və ya) məlumatların (mənbəyi məlum olan) təsərrüfat subyekti tərəfindən rəqabət orqanına verilməsindən imtina edilməsi, yaxud tələbnamədə qeyd edilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

Yoxlama zamanı rəqabət orqanının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icra edilməsinə maneçilik törədilməsi qadağandır.

Bazar subyekti nümayəndə vasitəsilə təmsil olunduqda onun səlahiyyətini təsdiq edən sənədin surəti rəqabət orqanına təqdim olunmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR