Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası işə başlayıb.
"APA-Economics" xəbər verir ki, iclasda Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılacaq.
İclasda çıxış edərkən S.Babayev Azərbaycanla Macarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini, iki ölkənin dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin əməkdaşlığın dərinləşməsində xüsusi rolunu vurğulayıb.
O, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılan böyük quruculuq işləri barədə məlumat verib.
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətinin əməkdaşlıq əlaqələrinin genişlənməsində əhəmiyyəti qeyd edilib.
Öz növbəsində P. Siyarto ölkəsinin Azərbaycanla dost münasibətləri əsasında strateji tərəfdaşlığından bəhs edib, ölkələr arasında əlaqələrin daim genişlənməkdə olduğunu bildirib. Hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin də iştirak etdiyi iclasda Azərbaycanla Macarıstan arasında iqtisadi sahədə gələcək istiqamətlərinə dair müzakirələr aparılıb.
İclas çərçivəsində Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanacaq.
Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökumətinin və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.