Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana Belarusa meyvə-tərəvəz tədarükünü artırmağı təklif edib. Bu təklif Belarusun bəzi ölkələrə qarşı əks sanksiyalarının tətbiqi fonunda edilib.
"APA-Economics" Belarus mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə R. Qolovçenko Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyevlə görüşü zamanı bildirib.
"Hesab edirəm, Azərbaycan tərəfinin ölkəmizə meyvə-tərəvəz tədarükünün artırılması sahəsində yaxşı potensialı var, xüsusən də bizim tərəfimizdən Belarusa qarşı sanksiya tətbiq edən ölkələrdən bir sıra ərzaq məhsullarının idxalına qadağa qoyulması fonunda", - R. Qolovçenko qeyd edib.
Onun fikrincə, Belarusda kök salmış Azərbaycan biznesi məhsul tədarüklərini daha da artıra biləcək.