Almaniyanın "BMW Group" və Çinin "Brilliance China Automotive Holdings Ltd" şirkətlərinin birgə təsis etdiyi "BMW Brilliance Automotive Ltd." müəssisəsi, habelə "BMW (China) Automotive Trading Ltd." Çindən 72 847 avtomobili istismar kitabçasındakı səhvlərə görə geri çağırır.
"APA-Economics"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının bəyanatında deyilir.
Bu aksiya 18 mart 2010-cu il tarixindən 24 fevral 2012-ci il tarixədək istehsal olunmuş "BMW Brilliance 318i", 320i və 325i modellərinin 39 153 avtomobilini, həmçinin 30 avqust 2007-ci il tarixindən 27 avqust 2013-cü il tarixinə qədər istehsal edilmiş və ölkəyə gətirilmiş 33 694 vahid BMW 116i, 118i, 120i, 318i, 320i, 325i və 330i modellərini əhatə edir.
Bu maşınların istismar üzrə təlimat kitabçasında avtomobilin keçə biləcəyi maksimal su çuxurunun dərinliyini səhv göstərilib – 30 santimetr. Halbuki avtomobil 5 km/saatdan çox sürətlə 25 santimetrdən çox dərinlikdə olan su çuxurunu keçirsə, sensoru su basa bilər, bu isə elektrik sükanının sönməsi riskini yaradır. Nəticədə, qəza riski əhəmiyyətli dərəcədə artır.
Avtomobil istehsalçıları geri çağırılan avtomobillərin elektrik sükanını sınaqdan keçirəcək və daşqından zədələnmiş bütün avtomobilləri pulsuz əvəz edəcək, eyni zamanda, təlimat kitabçasındakı səhv düzəldiləcək.